Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qahirə, 27 fevral, AZƏRTAC
Oman Sultanlığı su ehtiyatlarını artırmaq məqsədilə Musəndəm qubernatorluğunda süni yağış yağdırma stansiyasının tikintisi layihəsini yekunlaşdırıb. Stansiya yağıntı miqdarının artırılmasına və ölkədə su dayanıqlılığı hədəflərinin dəstəklənməsinə xidmət edir.
AZƏRTAC Oman Xəbər Agentliyinə istinadla bildirir ki, layihənin təsir dairəsi coğrafi göstəricilər və mövcud hava şəraiti nəzərə alınmaqla, stansiyanın yerləşdiyi ərazidən şimal-qərb və cənub istiqamətlərində 70 kilometrədək məsafəni əhatə edir. Bu isə hədəf ərazilərdə buludların formalaşması və yağıntının stimullaşdırılması imkanlarını artırır.
Layihə ion texnologiyasına əsaslanan süni yağış yağdırma sisteminin tərkib hissəsidir. Bu texnologiya buludların kondensasiyasını gücləndirərək yağıntı ehtimalını artırır. Yeni stansiya ölkə üzrə fəaliyyət göstərən şəbəkədə 14-cü obyekt hesab olunur. Şəbəkəyə Şərqi və Qərbi Həcər dağlarında yerləşən 11 stansiya, Musəndəm qubernatorluğunda bir stansiya və Zufar vilayətinin dağlıq ərazilərində iki stansiya daxildir ki, bu da süni yağıntı sisteminin ölkə üzrə coğrafi və əməliyyat inteqrasiyasını gücləndirir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.