Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə Rusiya 102-ci hərbi bazasının saxlanılması ilə bağlı heç bir plan yoxdur və iki ölkə arasında iqtisadi və siyasi əlaqələr möhkəmdir. Bu açıqlama regionda hərbi balansın qorunması və Rusiya ilə strateji tərəfdaşlığın davam etdirilməsi baxımından mühüm mesaj daşıyır. Paşinyanın mövqeyi həm də daxili auditoriyaya və beynəlxalq tərəfdaşlara sülh və stabillik siqnalı vermək məqsədini güdür.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan tarixən Rusiyanın Cənubi Qafqazdakı forpostu olub: “Təbii olaraq, Rusiya Ermənistanda bütün strateji sektorlarda söz sahibi olub. O cümlədən 1995-ci ildən burada yerləşdirdiyi 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazda hərbi varlığının, strateji təsir imkanlarının göstəricisidir. Lakin 2018-ci ildə “Məxməri inqilab” ilə hakimiyyətə gələn Paşinyan Ermənistan hakimiyyətinin Rusiyaya bağlılığını mərhələli şəkildə azaltmağa başladı. Bu proses müxtəlif sferaları əhatə edir. Öncə media və siyasi azadlıqların verilməsi ilə Rusiyanın mövqeyinin ictimai diskurslarda zəiflədilməsi, daha sonra Qarabağda Ermənistanın məğlubiyyəti fonunda Qərblə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Ermənistanın 2023-cü ildən KTMT hərbi təlimlərinə qoşulmaqdan imtina etməsi və təşkilatdakı fəaliyyətini faktiki dondurması, Avropa İttifaqı müşahidə missiyasının ölkəyə gətirilməsi, 2024-cü ildən bəzi sərhəd məntəqələrindən Rusiya sərhədçilərinin çıxarılması, Avropa ilə hərbi-siyasi, enerji-iqtisadi və s. sahələrdə əməkdaşlığın gedərək dərinləşdirilməsi, Avrointeqrasiya prosesinin Parlamentin gündəliyinə salınması və s. qeyd oluna bilər”.
Şəhla Cəlilzadə
Politoloq vurğulayıb ki, hazırda Rusiya nəqliyyat və enerji sektorlarında əvvəl sahib olduğu üstünlükləri itirməkdədir: “Xüsusilə ötən il ABŞ-la imzaladığı Strateji Tərəfdaşlıq Sazişi və Aİ ilə Strateji Gündəliyin qəbul edilməsi Ermənistana yeni imkanlar açdı. Zəngəzur dəhlizinin açılması istiqamətində ABŞ və Ermənistan arasında real sahəvi iş artıq başlayıb. Zəngəzur dəhlizinin gələcək təhlükəsizliyinin təmini məsələləri də var. Enerji sahəsində Rusiyadan asılılığın gedərək azaldılması istiqamətində iş gedir. Dəmir yollarında Rusiyanın sahib olduğu konsessiyalar məhdudlaşdırılır. Rusiyada bütün bunlar NATO-nun Cənubi Qafqaza yavaş-yavaş sızması olaraq şərh olunur. Rusiyanın daima NATO-nun genişləməsini öz mövcudluğuna və milli maraqlarına bir nömrəli təhdid olaraq gördüyünü və bu fonda hücum taktikasına keçid etdiyini Gürcüstan və Ukrayna ssenarilərindən artıq bilirik. Odur ki, seçki öncəsi dövrdə (nəzərə alsaq ki, 2026-cı ilin iyulunda Ermənistanda hakimiyyət ciddi seçki sınağı ilə üz-üzə qalacaq) Paşinyan həm ölkə daxilinə, həm də beynəlxalq aləmə sülh və sabitlik mesajı ötürməyə çalışır. Ermənistan Qərblə əməkdaşlığı, o cümlədən TRİPP-lə birgə icra olunacaq nəqliyyat-enerji layihələrini militaristik deyil, praqmatik siyasət çərçivəsi ilə izah edir. Çünki Rusiya ilə gərginlik Ermənistana lazım deyil”.
“Ermənistan rəsmiləri 102-ci hərbi bazanın ləğvi olunması ilə bağlı hər hansı bir məsələnin gündəlikdə olmadığını bildirirlər. Bu bazanın ən azı 2044-dək orada qalacağı məlumdur. Bu hərbi bazanın mövcudluğu deyil, mövcudluğuna son qoyulması regional sülhü təhdid edər. Belə ki, Cənubi Qafqaz kimi həssas bir regionda sülh və sabitlik böyük güclərin maraqlarını koordinasiya etmək və uzlaşdırmaq bacarığından böyük ölçüdə asılıdır. Düzdür ki, Rusiya ilə münasibətlərdə bağlılığın qorunması ehtiyacı, təhlükəsizlik asılılığı Ermənistanın geosiyasi manevr imkanlarını məhdudlaşdıraraq tam Avrointeqrasiyaya mane olur. Lakin bununla yanaşı Qərb bunun fərqində olaraq Ermənistanla münasibətləri dərinləşdirməkdə iddialıdır. Aİ Rusiyanın hərbi varlığına baxmayaraq Ermənistanla münasibətləri dərinləşdirir. ABŞ və Fransa hərbi əməkdaşlığı artırır. Ermənistanın enerji imkanları genişləndirilir, diversifikasiya edilir. Bütün bunlar Ermənistanın uzunmüddətli dövrdə regional balanslı siyasət inşasına xidmət edir”-deyə Şəhla Cəlilzadə qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.