Onun sözlərinə görə, Xocalı faciəsi fonunda baş verən hakimiyyət böhranı milli təhlükəsizlik sisteminin zəifliyini üzə çıxardı və bu, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi zərurətini gündəmə gətirdi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə tarixi dönüşündən sonra bu məsələlərə dovlətçilik təfəkkürü prizmasından yanaşılaraq yeni inkişaf mərhələsinin təməlinin formalaşmasına doğru tarixi addımlar atılmağa başlandı: "Xocalı faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi də məhz bundan sonra mümkün oldu.1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi və 26 fevral "Xocalı soyqırımı günü" elan olundu. Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəyan edən Ulu Öndərin imzaladığı sərəncamlar və müraciətlərlə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Son onilliklər ərzində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş siyasi kurs çərçivəsində faciənin hüquqi-siyasi qiymətləndirilməsi, sənədləşdirilməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində sistemli iş vüsət almış və müharibə cinayətlərində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnən hüquqi proseslər başlanmışdır. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ABŞ-ın müxtəlif ştatları Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanıyıb, 57 müsəlman ölkəsini birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı hadisələrinə dair xüsusi qətnamə qəbul edib".
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsindən və Qarabağda həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa edildi və uzun illər separatçı fəaliyyət göstərmiş şəxslər hüquq-mühafizə orqanlarının nəzarətinə götürüldü: "Onların arasında Xocalı qətliamında birbaşa iştirakda ittiham olunan şəxslər də var. Azərbaycan qanunları ilə bu şəxslərin mühakimə olunması beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Onlara qarşı irəli sürülən ittihamlar arasında müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələr yaratma kimi ağır maddələr yer alır. Bununla əlaqədar keçirilən məhkəmə prosesləri təkcə fərdi məsuliyyətin müəyyən edilməsi deyil, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Hüquqi müstəvidə aparılan araşdırmalar konkret faktlara, sübutlara və beynəlxalq hüquq normalarına əsaslanır. Separatçıların və müharibə cinayətlərində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması cəmiyyət üçün mühüm psixoloji və siyasi ismarıcdır: cəzasızlıq dövrü başa çatıb. Hüquqi dövlət prinsipi tələb edir ki, istənilən ağır cinayət zamanından və törədənlərin statusundan asılı olmayaraq obyektiv araşdırılsın və ədalətli qərar qəbul edilsin.
Xocalı soyqırımı təkcə keçmişin faciəsi deyil, həm də beynəlxalq hüquq, dövlət suverenliyi və milli həmrəylik mövzusunda mühüm dərsdir. Ermənistanın məsuliyyəti, daxildə baş vermiş siyasi zəifliklər və separatçı cinayətkarların mühakiməsi məsələləri bir bütöv kontekstdə dəyərləndirilməlidir. Bu gün Azərbaycan hüquqi və siyasi müstəvidə Xocalı həqiqətlərinin tanıdılması və günahkarların cəzalandırılması istiqamətində ardıcıl siyasətini yürütməkdə davam edir. Bu isə həm beynəlxalq ədalət prinsipinə, həm də milli yaddaş qarşısında tarixi məsuliyyətə söykənən bir mövqedir".
Alim Hüseynli