EN

"Trampın Konqresə müraciəti: Faktlar nə deyir?" - BBC

"Prezidentin çıxışındakı bəzi iddialar gerçək vəziyyətlə nə dərəcədə üst-üstə düşür?.."

ABŞ prezidenti Donald Tramp Konqresə illik müraciətində saat yarımdan uzun -1 saat 47 dəqiqə danışaraq ölkənin onun dövründə "yenidən qazanmağa başladığını" vurğulayıb. Çıxışda əsas diqqət iqtisadi uğurlar, qiymətlər, qanunsuz miqrasiya və qlobal müharibələrin qarşısının alınması məsələlərinə yönəldilib.

Moderator.az xəbər verir ki, "BBC Verify" xidməti bəzi iddiaları faktlar üzrə yoxlayıb.

Qiymətlər və inflyasiya

Tramp bəyan edib ki, əvvəlki administrasiyanın siyasəti "yüksək qiymətlərə səbəb olub", onun siyasəti isə onları sürətlə azaldır. Fakt: ABŞ-da qiymətlər hələ də artır, amma inflyasiya tempi 2025-ci ilin əvvəlindən 2026-cı ilin yanvarına qədər 2,4 faiz təşkil edib. Keçən il isə Bayden dövründə bu göstərici 3 faiz olub. Tramp ətin və yumurtanın qiymətlərinin azaldığını qeyd edib. Reallıq: son bir ildə ətin qiyməti 15 faiz artıb, yumurtanın qiyməti isə 34 faiz düşüb. Ümumilikdə isə ərzaq məhsullarının qiymətləri 2,1 faiz artıb.

İqtisadçılar, xüsusilə Harvard Universitetinin mütəxəssisləri Trampın tətbiq etdiyi idxal rüsumlarının inflyasiyaya təxminən 0,92 faiz artırıcı təsir göstərdiyini bildiriblər. Benzinlə bağlı Trampın iddiası da tam dəqiq deyil: 24 fevral 2026-cı il tarixində ABŞ-da orta qiymət 4,55 litrlik qalon üzrə 2,95 dollar təşkil edib. Yalnız Oklahoma ştatında qiymət onun söylədiyi 2,30 dollara yaxın olub.

İşsizlik və məşğulluq

Tramp bildirib ki, "tarixdə olduğundan daha çox amerikalı işləyir". Fakt: 2026-cı ilin yanvarında ABŞ-da işləyənlərin sayı 158 milyon olub - bu, həqiqətən də rekord səviyyədir. Lakin əhali də artıb və 342 milyona çatıb. Bu səbəbdən 16 yaşdan yuxarı məşğul əhali nisbəti azca - 60,1 faizdən 59,8 faizə düşüb. İşsizlik isə 4,1 faizdən 4,3 faizə yüksəlib.

Yatırımlar və iqtisadi vədlər

Tramp deyib ki, "18 trilyon dollardan çox investisiya ABŞ-a gəlir". Açıq məlumatlar bunu təsdiqləmir - hazırda izlənən investisiyaların ümumi məbləği 9,7 trilyon dollardır. Bunun da bir hissəsi ABŞ şirkətlərinin verdiyi vədlərdir.

Seçki fırıldaqları

Tramp yenidən ABŞ-da genişmiqyaslı seçki fırıldaqlarından danışıb. Fakt: belə hallara rast gəlinir, amma çox nadirdir. "Heritage Foundation" məlumatına görə, son 44 ildə yalnız 1,620 təsdiqlənmiş fırıldaqçılıq hadisəsi qeydə alınıb. 2024-cü il seçkilərində qeyri-qanuni miqrantların səsverməsi də çox nadir hal olub.

Qanunsuz miqrantlar və sərhəd təhlükəsizliyi

Trampın "son on ayda heç bir qanunsuz miqrant buraxılmayıb" iddiası sərhəddə dərhal həbs olunan və sonra sərbəst buraxılan şəxslər üçün doğru sayılır. 2026-cı ilin yanvarında 6070 həbs qeydə alınıb - Bayden dövründə isə eyni dövrdə bu rəqəm 124,000-dən çox olub.

"Səkkiz müharibəni dayandırdım" iddiası

Tramp İsrail-HƏMAS, İsrail-İran, Pakistan-Hindistan, Ruanda-KDR, Tayland-Kamboca, Ermənistan-Azərbaycan, Misir-Efiopiya, Serbiya-Kosovo münaqəşələrini nümunə göstərib.

Fakt: bəzi "müharibələr" yalnız bir neçə gün davam edib və ya diplomatik münaqişələr olub. Məsələn, Misir-Efiopiya qarşıdurması su anbarı mübahisəsindən ibarət olub, Konqoda döyüşlər sazişdən sonra da davam edib. Trampın bu "müharibələri dayandırması" iddiası isə korrekt deyil.

Nəticə: Trampın çıxışında faktlarla dəqiqləşdirilməli bir sıra iddialar var. İqtisadi göstəricilər bəzən onun dediyi kimi optimist olmasa da, məşğulluq və bəzi sərhəd tədbirləri ilə bağlı bəyanatlar müəyyən qədər gerçəkliklə üst-üstə düşür. Digər tərəfdən, investisiyalar, qlobal müharibələr və seçki fırıldaqları ilə bağlı bəzi iddialar isə ciddi şəkildə müzakirəyə ehtiyac duyur.

Chosen
21
1
moderator.az

2Sources