ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Xərçəng xəstəliklərinin müalicəsinin özəl klinikalarda da aparılmasına başlanılacaq.
Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, bu, islahatların bir hissəsidir:
"İndidən bildirmək istəyirəm ki, özəl sektorda onkoloji xidmət göstərmək üçün və bu icazəni almaq üçün xüsusi qaydalar və tələblər hazırlanıb. Çox ciddi tələblərdir və yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə həmin lisenziya veriləcək".
Özəl klinikalarda onkoloji xidmət üçün nəzərdə tutulan “ən yüksək tələblər” nəyi əhatə edə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, bu islahatlar digər qonşu ölkələrdə artıq çoxdan aparılıb:

“İstər Türkiyə, istərsə də digər qonşu ölkələrdə artıq bu təcrübələr mövcuddur. Onkoloji xəstəliklər yalnız bizim ölkədə deyil, bütün dünyada artır. Buna görə də bu xəstəliklərin qarşısını almağın ən rahat yollarından biri erkən diaqnostikanın tətbiqidir. Tək dövlət xəstəxanaları ilə bu məsələnin öhdəsindən gəlmək çətindir.
Bu baxımdan müsbət haldır ki, ölkəmizdə onkoloji xidmət həm dövlət, həm də özəl xəstəxanalarda göstəriləcəkdir. Bizim pasiyentlərin digərlərindən əsas fərqi ondadır ki, digər xəstəliklərdə tək əməliyyat kifayət edir, amma onkoloji xəstəliklərdə bu belə deyil.
Çünki onkoloji xəstəliklərdə əməliyyatdan sonra bəzən əlavə müalicə tələb olunur. Kimyaterapiya və ya digər əlavə müalicələr lazım ola bilər. Bəzən isə həm cərrahi, həm də kimyaterapiya yolu ilə müalicəsi aparılır”.
Onun sözlərinə görə, buna görə də söhbət əsasən yüksək potensiallı kadrların mövcudluğundan gedir:
“Onkoloji sahədə işləmək üçün mütləq sahənin peşəkarı, mütəxəssisi olmaq lazımdır. Bəzi özəl xəstəxanalarımızda bu imkanlar yoxdur. Bu səbəbdən nazir qeyd edir ki, çox diqqətli olmaq lazımdır, çünki əməliyyatdan sonra həm kimyaterapiya, həm də digər xəstəliyə qarşı spesifik müalicə aparılmalıdır”.
O qeyd edib ki, bəzi özəl xəstəxanalarda kimyaterapiya yolu ilə müalicə həyata keçirimir:
“Bunun səbəbi həm mütəxəssis çatışmazlığı, həm də müəyyən qaydaların olmamasıdır. kimyaterapiya yolu ilə müalicə asan məsələ deyil, düzgün aparılmazsa, xəstənin həyatı risk altında ola bilər. Bu səbəbdən diqqətli olmaq vacibdir ki, bütün sadaladığımız prosedurlar özəl klinikalarda aparıla bilsin.
Həmçinin, xəstənin müalicəsi zamanı müasir cihazların istifadəsi məsələləri də önə çıxır. Onkoloji xəstəliklərin diaqnostikasında Maqnit rezonans tomoqrafiya (MRT), eləcə də Kompüter tomoqrafiyası (KT) və digər müayinələr tələb olunur.Bəzi özəl klinikalarda isə bu cihazlar yoxdur. Ona görə müəyyən müayinələrin mövcudluğu vacibdir. Əgər bütün bunlar mövcuddursa, həmin özəl xəstəxanalar lisenziya əldə edə biləcəklər”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər:
Onkoloji xəstələr Fərid Museyibov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.