EN

Türk xalqlarının tarixində Birinci Türkoloji Qurultayın rolu

Bakı, 26 fevral, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mütəxəssisi Nəsibə Murtuzayeva AZƏRTAC-a açıqlamasında bu Qurultayın türk xalqlarının tarixindəki rolundan danışıb.

Nəsibə Murtuzayeva diqqətə çatdırıb ki, Birinci Türkoloji Qurultay bolşevik işğalından sonra türk xalqlarını yenidən bir araya gətirmək məqsədi daşıyan bütün türk toplumlarından nümayəndələrin qatıldığı toplantı idi. Türk dilinin inkişafı üçün ortaq addımların atılması məqsədilə keçirilmiş toplantı təkcə dil və ədəbi baxımdan deyil, həm də siyasi və mədəni baxımdan mühüm irəliləyişlərə səbəb olub. Bu Qurultay istər türkologiyanın inkişafı, istərsə də Türkiyə-Rusiya münasibətlərinin trayektoriyası baxımından çox əhəmiyyətlidir.

“Birinci Türkoloji Qurultay siyasi-ictimai hadisələr baxımından təlatümlü bir dövrdə keçirilib. Türk ziyalıları bolşevik işğalından sonra səpələnmiş türk xalqlarını yenidən bir araya gətirmək üçün ortaq ədəbi dilin zəruri olduğunu bildirirdilər. Türk dilinin problemlərini müzakirə etmək və onların aradan qaldırılması ilə ortaq ədəbi dil yaratmaq üçün dünyanın hər yerindən türkoloqların toplantısının keçirilməsi ideyası hələ əsrin əvvəllərindən müzakirə olunsa da, bu ideya 1926-cı ildə reallaşdırıldı. Fevralın 26-dan martın 6-dək keçirilmiş Qurultay Sovet İttifaqının hüdudları daxilində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı mühüm qərarların qəbul edildiyi bir hadisə idi. Qurultayda latın əlifbasına keçidlə bağlı ətraflı elmi-metodoloji baza hazırlanıb”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Chosen
23
azertag.az

1Sources