EN

Xocalı faciəsi xalqımızın qan yaddaşı kimi daim xatırlanmalı, gələcək nəsillərə ötürülməlidir ŞƏRH

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına yazılmış ən böyük və ən faciəli hadisələrdən biridir. Bu hadisə təkcə bir şəhərin taleyi deyil, bütövlükdə xalqımızın tarixində dərin iz buraxmış bir soyqırımıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.

O xatırladıb ki, Sovet İttifaqı dağıldıqdan sonra ermənilərin, eləcə də onların havadarlarının dəstəyi ilə torpaqlarımız işğal olundu, xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədildi. Bu hadisələrin zirvə nöqtəsi isə Xocalı faciəsi oldu. Köməksiz, silahsız insanlara qarşı xüsusi amansızlıqla həyata keçirilən bu qətliam nəticəsində, rəsmi məlumatlara görə, 613 nəfər şəhid oldu. Lakin şahidlərin və sağ qalanların ifadələrinə əsasən, bu sayın daha çox olduğu bildirilir. Xocalıda 8 ailə tamamilə məhv edilib, bəzi ailələrin isə 10-a yaxın üzvü qətlə yetirilib. Xocalının sakinləri arasında vaxtilə Ermənistandan qovulmuş və sonradan Xocalıda məskunlaşmış insanlar da var idi. Onlar həm qaçqınlıq, həm də köçkünlük həyatı yaşamağa məcbur olublar. Bu isə faciənin miqyasını və ağrısını daha da artırır.

“Qeyd etmək lazımdır ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də mühüm addımlar atılıb. Heydər Əliyev Fondunun təşəbbüsləri, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyevanın fəaliyyəti nəticəsində Xocalı soyqırımı beynəlxalq ictimaiyyətə daha geniş şəkildə tanıdılıb. Azərbaycan dövlətinin uğurlu xarici siyasəti bu həqiqətlərin dünya miqyasında qəbul olunmasına mühüm töhfə verib. Bu istiqamətdə fəaliyyət gələcəkdə də davam etdirilməli, xüsusilə qeyri-hökumət təşkilatları tərəfindən təbliğat işi gücləndirilməlidir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız bu gün artıq azaddır. Prezident İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qəhrəman əsgərlərimizin şücaəti sayəsində Qarabağın bütün bölgələri, o cümlədən Xocalı öz həqiqi sahibinə qovuşub”, – deyə QHT sədri əlavə edib.

İ.Rizazadə, həmçinin bildirib ki, Azərbaycan xalqı humanist, bağışlamağı bacaran bir xalqdır. Lakin tarixi unutmaq olmaz. Əgər xalq öz keçmişini unutsa, eyni faciələrin təkrar olunmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də Xocalı faciəsi xalqımızın qan yaddaşı kimi daim xatırlanmalı, gələcək nəsillərə ötürülməlidir.

Chosen
13
1
azertag.az

2Sources