EN

İkili standartların bədəli: Xocalıya susqunluq qlobal sistemi sarsıtdı

“Xocalı faciəsi kimi bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş dəhşətli bir cinayətə susan beynəlxalq təşkilatların bu gün üzləşdiyi böhran təsadüfi deyil. Tarix göstərir ki, ədalətsizlik qarşısında nümayiş etdirilən susqunluq gec-tez həmin sistemin özünü sarsıdır”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin depuatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki,  Xocalı soyqıırmı zamanı beynəlxalq hüququn əsas prinsipləri mülki əhalinin qorunması, etnik təmizləmənin yolverilməzliyi, işğal faktının tanınması  faktiki olaraq kağız üzərində qaldı: “Bu isə beynəlxalq təşkilatların legitimliyinə ciddi zərbə vurdu. Əgər bir qurum ən ağır humanitar cinayət qarşısında təsirli mövqe sərgiləyə bilmirsə, onun gələcək münaqişələrdə vasitəçilik və ya ədalət iddiası zəifləyir.

Məhz bunun nəticəsidir ki, bu gün dünyada artan regional müharibələr, humanitar fəlakətlər və beynəlxalq hüququn selektiv tətbiqi məhz həmin ikili standartların nəticəsi kimi qiymətləndirilə bilər. Bir yerdə prinsipial mövqe, digər yerdə susqunluq, bu yanaşma qlobal idarəetmə mexanizmlərinə inamı sarsıdır. Nəticədə dövlətlər beynəlxalq institutlara deyil, öz gücünə və regional ittifaqlara arxalanmağa başlayırlar. Bu isə qlobal təhlükəsizlik sistemində parçalanma yaradır.

Azərbaycan nümunəsi göstərdi ki, uzun illər davam edən ədalətsizlik və nəticəsiz danışıqlar münaqişəni həll etmədi. Əksinə, status-kvonun qorunması yeni risklər doğurdu. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, beynəlxalq hüquq işləmirsə, dövlətlər öz gücünə arxalanmalı olur. Bu, əslində beynəlxalq sistem üçün ciddi siqnaldır: ya ədalət prinsipi hamı üçün işləməlidir, ya da sistem etimad böhranı yaşayacaq”.

Deputat əlavə edib ki, bugünkü qlobal böhran mühiti,  artan qarşıdurmalar, geosiyasi bloklaşma, beynəlxalq təşkilatlara inamın azalması müəyyən mənada keçmişdə buraxılmış boşluqların nəticəsidir: “Xocalı kimi faciələrə vaxtında və prinsipial reaksiya verilsəydi, bəlkə də beynəlxalq hüququn çəkisi daha güclü olardı.

Tarix bir daha sübut edir: ədalət gecikəndə təkcə zərərçəkənlər deyil, susanlar da uduzur. Beynəlxalq təşkilatlar üçün əsas dərs budur – selektiv yanaşma qısa müddətdə siyasi rahatlıq yarada bilər, lakin uzun müddətdə qlobal etimadın və sabitliyin aşınmasına səbəb olur.
Bu baxımdan, dünənin susqunluğu bu günün böhranı kimi geri qayıdır. Dünya düzəni ya ədalət üzərində möhkəmlənəcək, ya da ikili standartların ağırlığı altında daha da sarsılacaq”.
 

Mürtəza

Chosen
18
2
olke.az

3Sources