Bu sözləri Xocalı facisənin 34-cü ildönümü ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Yazar bildirib ki, Xocalı bizimçün yalnız keçmişin ağrısı sayıla bilməz. O, milli yaddaşın dirəniş nöqtəsidir. O gecə azərbaycanlıların fiziki varlığına zərbə vuruldu, amma ruhu sındırıla bilmədi. Əksinə - o ağrı milli şüuru daha da möhkəmləndirdi. Biz Xocalını təkcə yas günü kimi xatırlamırıq; biz onu milli özünüdərkin, tarixi ayıqlığın və dövlətçilik məsuliyyətinin dərsi kimi yaşayırıq.
Türkoloq qeyd edib ki, bu hadisənin tarixi tərəfi aydındır: mülki əhaliyə qarşı həyata keçirilmiş soyqırım aktı; amma bu gün üçün daha vacib olan onun mənəvi tərəfidir. Xocalı bizə göstərdi ki, müstəqillik kağız üzərində yazılan bəyanatdan çox daha üstündür - onu qorumaq üçün həm siyasi iradə, həm hərbi güc, həm də milli birlik gərəkdir. Zaman keçdi, Azərbaycan öz gücünü bərpa etdi, yağı düşməni torpaqlarından qovdu və bu gün qalib ölkədir. Lakin qalib olmaq unutmaq demək deyil, əlbəttə. Biz artıq zəif və müdafiəsiz deyilik. Amma yaddaşımız da zəifləməməlidir. Xocalı dərsi budur: unutqanlıq yeni faciələrin zəminidir. Ona görə də biz xatırlayırıq - qisasçılıq hissi ilə anmırıq, bizim mövqeyimiz ədalət və həqiqətdir. Biz dünyaya həqiqəti anlatmaqda davam edəcəyik. Çünki Xocalı öz danılmaz həqiqətləri ilə birgə, yalnız Azərbaycanın dərdi sayılmaqdan çoxdan çıxıb; o, beynəlxalq hüququn, insan haqlarının və sivil dünyanın imtahanıdır.
Qalib Azərbaycanın vətəndaşı olaraq bizi nə düşündürür? - Bəli, biz daha heç vaxt hazırlıqsız yaxalanmayacağıq! Daha heç vaxt yaddaşsız olmayacağıq! Dövlətimiz güclüdür, ordumuz güclüdür, amma ən önəmlisi - milli ruhumuz diridir!
Xocalı bizim üçün ağrının adı, dirənişin simvolu, gələcək qarşısında vicdan andıdır.
Unutmuruq. Unutdurmuruq.
Və bir daha heç vaxt belə bir faciəyə imkan verməyəcəyik.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova