EN

Rəqiblərin kabusu: “Ferrari”nin “Formula-1”dəki inqilabi yenilikləri - FOTO

“Ferrari” komandası Bəhreyndə keçirilən mövsümöncəsi testlərdə yeni “SF-26” layihəsi ilə strateji innovasiya yoluna qədəm qoyduğunu nümayiş etdirib. Sakhirdə sınaqdan keçirilən iki yeni sistem – FTM (Flick Tail Mode) və tam fırlanan klapanlı arxa qanad 2026-cı ilin texniki reqlamentinin xüsusi bir interpretasiyasıdır.

İdman.Biz “RacingNews365” nəşrinə istinadla xəbər verir ki, rəqib komandalar artıq bu iki sistemin gətirəcəyi üstünlükləri qiymətləndirməyə başlayıblar. İddialara görə, təkcə yeni arxa qanad düzlüklərdə ən azı 8 km/saat sürət artımı qazandırır. FTM sisteminin isə ümumi dövrə vaxtına daha ciddi təsir edəcəyi gözlənilir.

Texniki analitik Paolo Filisetti bildirir ki, bu həllərin mürəkkəbliyi onların istehsalında deyil, avtomobilin ümumi konsepsiyasına inteqrasiyasındadır.

Tam fırlanan arxa qanad: Bu sistemin hazırlanması uzunmüddətli dizayn prosesi tələb edib. Maranello mühəndisləri bu rotasiyanın hava müqavimətini necə azaldacağını və diffuzorun işinə necə təsir edəcəyini aylar öncə hesablayıblar.

FTM sistemi: Bu texnologiyanın “SF-26” layihəsinə daxil edilməsi üçün təxminən altı aylıq iş tələb olunub. Sistemin effektivliyi birbaşa işlənmiş qazın təzyiqindən və güc qurğusunun iş rejimindən asılıdır.

Rəqib komandalar üçün ən böyük maneə bu texnologiyaları kopyalamaq yox, öz mövcud aerodinamik fəlsəfələrinə uyğunlaşdırmaq üçün tələb olunan geniş hazırlıq mərhələsidir. Bu isə o deməkdir ki, “Ferrari” rəqiblərini hələ mövsüm başlamadan zaman baxımından qabaqlamağı bacarıb.

İdman.Biz
Chosen
22
1
idman.biz

2Sources