Türkiyənin “TRT Haber” xəbər kanalı Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, telekanal çoxmilyonlu auditoriyasının diqqətini ölkəmizin tarixinin faciəvi səhifələrinə cəlb edib. Qeyd olunub ki, Azərbaycanın azadlığı və müstəqilliyinin bərpası minlərlə şəhidin qəhrəmanlığı bahasına əldə edilib.
Reportajda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və qanlı təcavüzü ətraflı şəkildə təqdim olunub. Vurğulanıb ki, bu hadisələrin ən dəhşətlisi Xocalıda mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi olub.
“Sovet dövründə Xocalıda 11.365 nəfər yaşayırdı, lakin 1992-ci ilin əvvəllərində şəhər əhalisinin sayı 3000 nəfərə düşmüşdü. Şəhərin strateji əhəmiyyəti onun regionda yeganə hava limanına malik olması səbəbindən yüksək idi”, - deyə “TRT Haber” xatırladır. Televiziya kanalı ermənilərin Xocalının mülki əhalisinə qarşı törətdiyi soyqırımı aktını XX əsrin ən qanlı səhifələrindən biri adlandırıb.
Reportajda Xocalıdakı qanlı cinayətləri “soyqırımı aktı” kimi tanıyan qərar və qətnamələr sadalanır. Bu faciə ilə bağlı 18 ölkənin parlamentləri, eləcə də ABŞ-nin 24 ştatının hakimiyyət orqanları tərəfindən müvafiq qərarların qəbul edildiyi xatırladılıb.
Telekanalını efirində Xocalıda 613 mülki şəxsin qətlində iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycanın ədalətli tələbi vurğulanıb.