EN

Siyavuş Novruzov: Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş faciədir

BAKI, 26 fevral. TELEQRAF

"Xocalı soyqırımı günü Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən birini təşkil edir. Bu gün təkcə bir şəhərin sakinlərinə qarşı törədilmiş qətliamın deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş amansız cinayətin anım günüdür. Xocalı soyqırımı XX əsrin sonlarında baş vermiş ən dəhşətli faciələrdən biri kimi müasir tarixə həkk olunub, xalqımızın yaddaşında silinməz iz buraxıb. Bu faciə Azərbaycan xalqının əzmini sarsıtmaq, onu tarixi torpaqlarından məhrum etmək və milli iradəsini qırmaq məqsədi daşıyan məqsədyönlü siyasətin tərkib hissəsi olub".

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O vurğulayıb ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edilib, şəhər tam mühasirəyə alınaraq dinc və silahsız əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədilib: "Qaçmağa çalışan insanlar atəşə tutulmuş, qadınlara, uşaqlara və qocalara qarşı xüsusi amansızlıq nümayiş etdirilib. Rəsmi məlumatlara əsasən, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə naməlum qalıb. Ailələr tamamilə məhv edilib, uşaqlar valideynlərini itirib, yüzlərlə insan ömürlük əlil olub.

Xocalıda törədilən cinayətlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək məqsədi daşıyan əməllər soyqırımı hesab olunur. Xocalı hadisələri məhz azərbaycanlıların milli mənsubiyyətinə görə hədəfə alınması ilə bu hüquqi anlayışa uyğun gəlir və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir.

Faciədən sonra Xocalı şəhəri işğal edilib, yaşayış evləri, sosial və mədəni obyektlər dağıdılıb, şəhər tamamilə xarabalığa çevrilib. Doğma torpaqlarından didərgin düşmüş xocalılılar uzun illər məcburi köçkün həyatı yaşayıb, ədalətin bərpasını gözləyiblər. Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmanla 26 Fevral “Xocalı soyqırımı günü” elan edilib".

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir: "Bir sıra ölkələrin parlamentləri və ABŞ-nin müxtəlif ştatları bu faciəni soyqırımı və ya kütləvi qırğın kimi tanıyıb. Bu istiqamətdə mühüm təşəbbüslərdən biri Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyasıdır ki, həmin təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilib, məlumatlandırma və hüquqi-siyasi maarifləndirmə işi genişləndirilib.

Bununla yanaşı, Xocalı faciəsinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan fəaliyyət yalnız tarixi həqiqətlərin çatdırılması ilə məhdudlaşmayıb, eyni zamanda ədalətin bərpası və işğalın nəticələrinin aradan qaldırılması istiqamətində dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlar azad edilib, tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ başlanıb. Bu Qələbə Xocalı şəhidlərinin qanının yerdə qalmadığını nümayiş etdirib. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Xocalı şəhəri və kəndlərinin yenidən məskunlaşdırılması prosesi davam edir, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş Xocalıya səfərləri zamanı şəhərin dirçəldilməsi və sakinlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı ilə bağlı mühüm qərarlar qəbul edib. Bu gün Xocalının yenidən qurulması, həyatın bərpası və əhalinin qayıdışı dövlətin gücünün və xalqın sarsılmaz iradəsinin təcəssümüdür.

Beləliklə, Xocalı soyqırımı Azərbaycan xalqının tarixi yaddaşında dərin və silinməz iz qoymuş faciədir. Bu hadisə ehtiram və hüznlə yad edilir, şəhidlərin əziz xatirəsi daim hörmətlə anılır. Eyni zamanda, Azərbaycan dövləti və cəmiyyəti tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasını vacib hesab edir.

Bu gün regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması xüsusi əhəmiyyət daşıyır. Müharibə və qarşıdurmaların ağır nəticələrini yaşamış bir xalq kimi Azərbaycan dayanıqlı sülh sazişinin imzalanmasını, gələcək nəsillərin təhlükəsiz və sabit şəraitdə yaşamasını prioritet hesab edir. Xocalı faciəsinin xatırlanması həm də belə hadisələrin bir daha təkrarlanmaması, bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı anlayışın bərqərar olması naminə çağırış kimi dəyərləndirilir".

Chosen
23
4
teleqraf.com

10Sources