“Qalatasaray”ın “Yuventus”un başına oyun açdığı tarixi qarşılaşmada performansı ilə ön plana çıxan isimlərdən biri də Barış Alpər Yılmaz idi.
"Football-plus.az" xəbər verir ki, 25 yaşlı vinger italyanların sol müdafiəçilərinin qorxulu yuxusuna çevrildi. O əvvəlcə ilk yarıda Andrea Kambyasonun sarı vərəqə almasına və cavab matçında cəzalı duruma düşməsinə səbəb oldu. Kambyasonun əvəzinə fasilədə Xuan Kabal meydana çıxdı və bu dəfə Barış bu müdafiəçinin “həyatını alt-üst etməyə başladı”. Fiziki cəhətdən türkiyəli ulduzla bacara bilməyən Kabal qısa müddət ərzində məhz Barışa qarşı qayda pozuntularına görə iki sarı vərəqə alaraq komandasını azlıqda qoydu. Yılmaz oyundan sonra özü də etiraf etdi ki, onun daim “Yuve”nin sol müdafiəçiləri ilə didişməsi Okan Burukun xüsusi tapşırığı imiş. Buruk futbolçusunun cəld, sürətli və fiziki cəhətdən güclü olduğunu bilərək onun Kambyaso üzərində bu baxımdan böyük üstünlük quracağına əmin idi. Belə də oldu.
Bu arada Türkiyənin “Sabah” nəşrinin yazdığına inansaq, italyanlar Barış Alpər Yılmazın oyununa heyran qalıb. Xüsusilə turinlilərin direktoru Corcio Kyellini Barışın oyununu o qədər bəyənib ki, matçın ardından bu futbolçunun transfer şərtləri ilə maraqlanıb. O, xüsusilə futbolçunun fiziki gücünə və mübarizə əzminə heyran qalıb. Kyellininin fikrincə, müdafiəçilərlə mübarizə aparmağı sevən və təslim olmayan Barışın oyun tərzi İtaliya futboluna tam uyğundu. Ona görə də “Yuventus”un mövsümün sonunda Türkiyə yığmasının üzvü üçün real addımlar atması sürpriz sayılmayacaq. Ancaq onu Türkiyə çempionundan qoparmaq asan olmayacaq.
Ötən yay “Qalatasaray” Barışı Səudiyyə Ərəbistanına hətta 40 milyon avroya da satmamışdı. Bu istedadlı futbolçunun bu mövsümdəki oyunu ilə dəyərini bir qədər də artırdığını nəzərə alsaq, İstanbul nəhəngi yayda onu 50 milyon avrodan aşağı qiymətə buraxmayacaq.