EN

Mikayıl Cabbarov: "Azərbaycan sülh quruculuğu və iqtisadi inkişaf kursunu davam etdirir"

Azərbaycan sülh quruculuğu və iqtisadi inkişaf kursunu davam etdirir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin Kaxetiya regionunda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.

O, ölkəmizin regional sülh təşəbbüsləri, Xocalı soyqırımı və ölkənin iqtisadi inkişaf strategiyası barədə çıxış edib.

Nazir qeyd edib ki, Azərbaycan 20-ci əsrin ən faciəli hadisələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünü anır. O, 1992-ci il hadisələri zamanı 63-ü uşaq olmaqla 613 günahsız mülki şəxsin qətlə yetirildiyini, 125 nəfərin taleyinin isə hələ də naməlum qaldığını vurğulayıb.

M.Cabbarov qeyd edib ki, bu illər ərzində Türkiyə daima Azərbaycanın yanında olub və ölkənin ərazi bütövlüyü prinsipinə qəti dəstək nümayiş etdirib.

O, Cənubi Qafqaz regionunda sülh quruculuğu prosesinin başladığını bildirib. Nazirin sözlərinə görə, bu proses ötən il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda imzalanmış sülh bəyannaməsi ilə start götürüb. Sənədi Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp imzalayıb.

Nazir region ölkələri arasında tarixi tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq Gürcüstan, Azərbaycan və Türkiyə arasında əsrlərə söykənən birgə yaşayış və əməkdaşlıq ənənələrinin formalaşdığını bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq regionda sabitlik, iqtisadi rifah və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

M.Cabbarov həmçinin Azərbaycanın iqtisadi göstəricilərinin və maliyyə sabitliyinin güclü olaraq qaldığını qeyd edib. Onun sözlərinə görə, son beş ildə ölkənin əsas kapital xərclərinin böyük hissəsi işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidənqurma layihələrinə yönəldilib.

Nazir sonda Azərbaycanın regionda sülh, iqtisadi əməkdaşlıq və davamlı inkişaf proseslərinə töhfə vermək siyasətini davam etdirəcəyini bildirib.

Chosen
2
1
far.az

2Sources