EN

Deputat: “Xocalı qatilləri Azərbaycana təhvil verilməlidir”

“Bu gün Xocalı soyqırımının 34-cü ildönümüdür. Biz artıq 34 ildir ki, Xocalıda baş verən faciənin təsiri altındayıq”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə Xocalıda bəşəri cinayət həyata keçirildi:


“Hesab edirəm ki, bu təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməli, soyqırım deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı soyqırımdır. Buna erməni faşizminin həyata keçirdiyi soyqırımlardan biri demək daha doğru olar, amma ən faciəlisidir. Həmin gecə içərisində uşaqlar, yaşlılar, qadınların da olduğu 600-dən çox dinc sakin qətlə yetirildi. Bir neçə ailə tam olaraq məhv edildi. 1200-dən artıq əsir və itkin düşənlər də var. Əsirlərin və qətlə yetirilmiş şəxslərin üzərində vandalizm və insanlığa sığmayan cinayətlərin törədildiyini gördük”.

Siyasətçi qeyd edib ki, biz bir neçə il biz işğal faktı ilə üz-üzə qaldıq:
“Lakin 2020-ci ildə 44 gün ərzində Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə ilə bu gün Xocalı faciəsini fərqli durumda qarşılayırıq. Xocalı işğaldan azad olunub, Xocalıda Azərbaycan bayrağı dalğalanır, sakinlər öz doğma yurdlarına qayıtmaqdadırlar. Hazırda orada böyük layihələr icra edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu prosesə şəxsən özü rəhbərlik edir”.

Millət vəkili diqqətə çatdırıb ki, biz Xocalını və digər ərazilərimizi işğaldan azad etməklə ilahi ədaləti, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik:
“Bu gün regionun lider dövləti olaraq öz yaratdığımız yeni reallıqlar çərçivəsində yolumuza davam edirik. Xocalıda cinayət törədənlərin bir qismi məsuliyyətə cəlb olunub. Yeni başa çatan məhkəmə prosesində də onların içərisindən cəzalandırılanlar oldu. Amma əfsuslar olsun ki, ən böyük cinayətkarlar hələ d azadlıqdadırlar. Bütün prosesimizi ona yönəltməliyik ki, həmin cinayətkarların da məsuliyyətə cəlb edilməsini təmin edə bilək. İstər Serj Sarkisyan, istər Robert Köçəryan, istərsə də Seyran Ohanyan və digər canilər ədalətdən qaçmamalıdırlar. Onlar İlahi ədalət qarşısında cavab verməli və Azərbaycan qanunvericiliyi ilə cəzalandırılmalıdırlar”.

Arzuxan Əlizadə vurğulayıb ki, adıçəkilən canilərin Azərbaycana verilməsini tələb etməliyik:
“Bundan sonrakı sülh prosesinə də bunun çox böyük əhəmiyyəti və müsbət mənada təsiri ola bilər. Onlar, özləri də Xocalıda törətdikləri cinayətləri etiraf edirlər. Xüsusilə də Sarkisyan verdiyi bir müsahibədə “Xocalıdan sonra azərbaycanlılar onlarla zarafat etmədiyimizi anladılar” deyə skandal bir açıqlama verməklə faktiki olaraq törətdikləri cinayətlərə bəraət qazandırmaq istəyib və cinayəti etiraf edib. Bütün bunlar cəzasız qala bilməz. 

Gələcək nəsillərimiz də Xocalıda və digər ərazilərimizdə erməni faşistlərinin bizə qarşı törətdikləri cinayətləri heç zaman unutmamalıdırlar. Təbii ki, gələcəkdə dinc yanaşı yaşamaq prosesi Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir, amma bütün bunlara baxmayaraq, keçmişdə başımıza gətirilən faciələri yaddan çıxarmamalıyıq ki, bu faciələr bir də təkrarlanmasın”.

Elmir Mustafa


 

Chosen
25
50
hit.az

10Sources