Ermənistan yeni AES-in tikintisi ilə bağlı ABŞ, Rusiya və Çinlə danışıqlar aparır.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat yayıb.
Paşinyan bildirib ki, Ermənistan hələlik modulyar atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı hansı ölkə ilə əməkdaşlıq edəcəyinə dair yekun qərar verməyib. Hazırda bu imkan tərəfdaşlarla müzakirə olunur.
“Biz bu məsələni ABŞ, Rusiya, Çin, Cənubi Koreya və Fransa ilə müzakirə edirik. Ölkəmiz üçün ən yaxşı təklifi axtarırıq və bu proses davam edir”, – hökumət başçısı qeyd edib.
Bundan əlavə, kommunikasiyaların açılması məsələsini şərh edən Paşinyan bildirib ki, Ermənistan-Türkiyə sərhədində yeni infrastrukturun yaradılmasında Avropa İttifaqının (Aİ) köməyinə ümid edirlər.
O, həmçinin bir daha təsdiqləyib ki, Ermənistan tərəfi Türkiyədən Azərbaycana və əks istiqamətdə hərəkət edən yük avtomobilləri üçün marşrut təmin etməyə hazırdır.
Paşinyanın sözlərinə görə, bunun üçün müvafiq infrastruktur tam hazır vəziyyətdədir.
Xuraman Etibarlı
İnterpress.az