Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Qarabağ"dan "Kolambus Kryu" klubuna transferindən 2 həftədən artıq vaxt keçib. Lakin 21 yaşlı forvard hələ MLS komandasının düşərgəsinə qoşulmayıb.
Axundzadə hazırda Bakıdadır və sənədləşmə işlərinin başa çatmasını gözləyir. Onun ABŞ-a gedişi nə vaxt reallaşacaq? Yubanmanın futbolçuya hər hansı mənfi təsiri ola bilər? Suallarımızı Nərimanın meneceri Tural Əsgərova ünvanladıq. O, Publika.az-a açıqlamasında bunları deyib:
"Prosesin yekunlaşmasını vaxt olaraq bu ayın sonu və ya gələn ayın əvvəli üçün deyiblər. Ümid edirik ki, o vaxta kimi həll olunacaq.
Nərimanın özünə gəlincə, hər hansı xüsusi narahatlıq yoxdur. Məşqlərini davam etdirir, vizasını gözləyir. "Kolambus Kryu"dan da ona proqram veriblər. Onun əsasında hazırlıqlarını davam etdirir".