EN

Qırğızıstan vətəndaşları üçün xaricdə dini təhsil qadağan edilir

BAKI, 26 fevral. TELEQRAF

Qırğızıstan Joqorku Keneşinə (parlament) “Qırğızıstan Respublikasının dini sahədə bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsi haqqında” qanun layihəsi təqdim edilib.

Teleqraf xəbər verir ki, layihə əsasında 18 yaşdan kiçik Qırğızıstan vətəndaşlarının dini təhsil almaq məqsədilə ölkədən çıxması tam qadağan edilir və belə çıxışa kömək edən valideynlər və digər şəxslər məsuliyyətə cəlb olunacaq.

Uşaqlar haqqında Məcəlləyə əlavə ediləcək norma ilə Qırğızıstan vətəndaşı olan şəxsin xaricdə dini təhsil alması üçün qəsdən göndərilməsi halında valideynlər və onları əvəz edən şəxslər qanunvericilik çərçivəsində məsuliyyət daşıyacaqlar.

Dəyişiklər həmçinin Qırğızıstan vətəndaşlarının 18 yaşadək dini təhsil üçün ölkədən çıxışını “Xarici miqrasiya haqqında” və “Təhsil haqqında” qanunlara uyğun olaraq qadağan edir.

“İnanc azadlığı və dini birliklər haqqında” qanuna edilən dəyişikliklə də azyaşlıların xaricdə dini təhsil alması qadağan olunur.

Qanun layihəsinin izahında bildirilir ki, təşəbbüs prezidentin (Sadır Japarov) tapşırıqlarının icrası, uşaqların hüquq və maraqlarının qorunması, həmçinin milli təhlükəsizliyin təmin olunması məqsədilə hazırlanıb. Layihə müəllifləri azyaşlıların xarici dini təhsil müəssisələrinə aparılması, radikal və ekstremist qruplara cəlb olunma riski və sonrakı sosial adaptasiya problemlərini misal gətirirlər.

Qanun layihəsi iki dəfə ictimai müzakirədən keçib. Gələn təkliflərin bir hissəsi nəzərə alınıb, bəziləri qismən nəzərə alınıb, biri isə Konstitusiya Məhkəməsinə müraciət hüququ ilə izah edilərək rədd edilib. İndi sənəd müvafiq komitə və parlament palataları tərəfindən nəzərdən keçiriləcək.

Chosen
14
teleqraf.com

1Sources