EN

Oğuz Mirzəyev: Xocalı faciəsi insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməli, tarixi faktların təhrifinə yol verilməməlidir

Bakı, 26 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə günahsız insanın taleyi yarımçıq qaldı, ailələr dağıldı, bir şəhər bəşəri faciəyə şahidlik etdi. Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın Azərbaycan tarixinin ən ağır və sarsıdıcı səhifələrindən biridir. Günahsız qadınların, uşaqların, ahılların cinsindən və yaşından asılı olmayaraq məqsədli şəkildə hədəfə alınması, şəhərin yerlə-yeksan edilməsi və mülki əhalinin çıxış yollarının atəşə tutulması beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması idi. Bəli, bu planlı və qərəzli şəkildə törədilmiş zorakılıq aktı - soyqırımı idi. Şəhərin uzun müddət mühasirədə saxlanılması, əsas təminat xəttlərinin kəsilməsi və əhalinin təhlükəsiz şəkildə ərazini tərk etməsinə imkan verilməməsi bu cinayətin əvvəlcədən düşünülmüş xarakter daşıdığını və birbaşa olaraq mülki əhaliyə yönəlmiş aqressiyanı göstərir. Məqsəd bölgənin azərbaycanlı əhalisini qorxu və zor yolu ilə doğma torpaqlarından çıxarmaq, demoqrafik reallığı dəyişmək idi.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev deyib.

O bildirib ki, bu faciəyə hüquqi-siyasi qiymət verilməsi və Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır: “Günahsız insanların qətli ilə nəticələnən bu bəşər faciəsi insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməli, tarixi faktların təhrifinə yol verilməməlidir. Bu baxımdan beynəlxalq informasiya, maarifləndirmə və hüquqi təşəbbüslərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Xocalı soyqırımı ilə bağlı həyata keçirilən kampaniyalar və təşəbbüslər emosional çağırışdan daha çox, faktlara, sənədlərə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Şübhəsiz ki, məqsəd yeni bir qarşıdurma yaratmaq deyil, tarixi həqiqətlərin obyektiv şəkildə təqdim olunması, ədalətli hüquqi qiymətin formalaşdırılması və gələcəkdə oxşar cinayətlərin təkrarlanmaması üçün beynəlxalq məsuliyyət mexanizmlərinin gücləndirilməsidir. Bu təşəbbüslər həm də cəmiyyətin yaddaşının qorunmasına xidmət edir və birbaşa olaraq bizim milli, mənəvi məsuliyyətimizdir”.

Oğuz Mirzəyevin sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətini, Azərbaycan xalqının iradəsini və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha nümayiş etdirdi: “44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkənin ərazi bütövlüyü böyük ölçüdə bərpa edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyinin tam təmin olunması ilə nəticələndi və bölgədə yeni reallıq formalaşdırdı. Bu mərhələdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq proqramları çərçivəsində Xocalı da daxil olmaqla bütün yaşayış məntəqələrində infrastruktur yenidən qurulur, müasir şəhərsalma prinsipləri tətbiq olunur, sosial obyektlər və istehsal sahələri yaradılır. Bu gün o ağrılı-acılı və çarəsiz günlərin şahidi olan Xocalının azadlığı, yenidən dirçəldilməsi, orada həyatın bərpası və insanların doğma yurdlarına qayıdışı birbaşa olaraq Azərbaycan dövlətinin gücünün və siyasi iradəsinin təcəssümüdür”.

Chosen
16
1
azertag.az

2Sources