EN

Xocalı: 1992 ci il və bu gün ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Həmvətənlərimiz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Qarabağın dilbər guşələrindən biri olan Xocalı ötən əsrin əvvəllərində də erməni daşnakları tərəfindən yandırılıb, viran edilmişdi. Amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımının nəticələri daha ağıla sığmaz, daha dəhşətli oldu. Öz miqyasına görə Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəldilmiş ən ağır cinayətlərdən biridir.

Erməni və rus şovinistlərinin Xocalıda törətdikləri soyqırımı, dinc əhalinin, qocaların, qadınların, uşaqların xüsusi qəddarlıqla öldürülməsi Azərbaycan xalqında kollektiv sarsıntı yarada bilmək, əhalidə ermənilərin ``qorxu, təhlükə mənbəyi``imicini formalaşdırmaq idi. Dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilmələrində bir sıra məqsədlər də güdülmüşdür: azərbaycanlılar arasında təşvişin yaradılması, ermənilərin hücumlarına müqavimətin zəiflədilməsi, cəmiyyətin iflic vəziyyətinə salınması, mümkün qədər çox ərazilərin işğal edilməsi.

Unutmaq olmaz ki, bəşər tarixində ən amansız müharibələrin də humanist qanunları olub. Həmin qanunlara görə uşaqlara, qocalara, qadınlara, silahsızlara, şikəst adamlara toxunulmur. Xocalı qırğını belə ali qanunların hamısını puç elədi.

Xocalı qırğını Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəkdir. Xocalı qırğını ermənilərin gələcəkdə də buna bənzər vəhşiliklər törədə biləcəyindən xəbər verən, onların ən adi insanı hisslərdən, duyğulardan çox uzaq olduğunu bəşəriyyət qarşısında nümayiş etdirən tarixi bir aktdır, qanlı sənəddir. Xocalı qırğını həmçinin Azərbaycan xalqının yırtıcı düşmən qarşısındakı dözümünü, mərdliyini,Vətənə, torpağa bağlılığını dünya ictimaiyyəti qarşısında sübut edən tablodur.

Ümummilli lider Heydər Əliyevin dediyi kimi: ``Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır``

Bu ağlasığmaz hərbi cinayət zamanı 613 nəfər dinc sakin öldürüldü, 1275-i əsir götürüldü ki, onlardan 150-nin taleyi hələdə naməlum olaraq qalır. Şəhər əhalisinin 487 nəfəri şikəst edildi. Öldürülənlərdən 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar idi. Müxtəlif dərəcəli əlillərin 76 nəfəri yetkinlik yaşına çatmayanlardır. Faciə zamanı 8 ailə bütövlükdə məhv edilb, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, o vaxtkı hakimiyyət Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində heç bir tədbir görməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək ``Xocalı soyqırımı Günü haqqında`` qərar qəbul etmiş, BMT-yə dünya dövlətlərinə müraciət edərək erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı ``Xocalı Soyqırımı Günü`` elan olunmuşdur . Ulu öndər Heydər Əliyevin ``Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında`` 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700 -da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən biri olan xocalı faciəsi bütün parametrlərinə görə soyqırımıdır. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən ``Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması sözləşməsi``ndə müəyyən edici amil millət, din, soy, ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun sistematik və məqsədli olaraq tamamilə, ya da qismən məhv edilməsi planıdır. Ermənilərin Xocalıda törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci maddəsi ilə uyğunluq təşkil edir. Bu maddənin bəndlərində göstərilir:

1.Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürülməsi.

2.Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi.

3.Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarını aradan qaldırılması.

Məhz bu baxımdan ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanların planlı və sistematik olaraq məhv edilməsi məqsədi daşıyan cinayətlərin təzahürləridir.

Ümummilli lider Heydər Əliyevin dediyi kimi: ``Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, onun ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur``

Bu ali məqsədə çatmağın yollarını göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: ``Bizim yolumuz düzgün, amallarımız, məqsədlərimiz saf və təmizdir. Biz xalqımızın tarixini, dünəninin və bu gününün həqiqətlərini hamının daha yaxşı bilməsinə və qəbul etməsinə çalışmalıyıq. Bunun üçün Azərbaycan hökuməti, bütün vətəndaşlarımız, xarici ölkələrdəki azərbaycanlı icmaları səylərini birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli tədbirlər görməlidir``

Buna görə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Azərbaycan dövləti haqlı olaraq BMT-yə, beynəlxalq məhkəməyə hər dəfə müraciət edir. Bu müraciətdə tutarlı sübutlar çərçivəsində soyqırımını gerçəkləşdirənlərin adlarının açıq şəkildə göstərilməsi və onların cəzalandırılması tələb olunur. BMT-nin soyqırım sözləşməsinin 3-cü və 4-cü maddələrinə görə, soyqırımına rəvac verən hərəkətlərdən birini belə, həyata keçirən gerçəkləşdirilməsi üçün razılığa gələn, bu cür hərəkət və fəaliyyətləri qızışdıran, təşviq edən, eyni zamanda bu fəaliyyətləri əvvəlcədən planlaşdıran və hədəfləyən, istər icraçı, istərsə də rəsmi və ya qeyri-rəsmi şəxs olaraq cinayətlərdə iştirakı təsdiqlənən hər kəsin cəzalandırılması vacibdir.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox işlər görülüb.

Bu sahədə İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürlmüş ``Xocalıya ədalət`` beynəlxalq kampaniyası dünyada böyük əks-səda doğurmuş, erməni yalanlarının ifşasında, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.

2020- ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Xocalı işğaldan azad edildi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. 200 illik tilsim qırıldı və Azərbaycan xalqı qalib xalq olaraq tarix yazdı. Hər bir azərbaycanlının qəlbində bir yara olan qisas səbəbi olan Xocalı işğaldan azad edildi. Cənab prezident, Ali Baş Komandan, Qalib xalqın, qalib lideri İlham Əliyev 15 oktyabr 2023-cü il tarixdə Xocalıda müqəddəs bayrağı qaldırarkən düşündüklərini bir müsahibəsi zamanı bu cür dilə gətirdi. “ Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.”

Azad edilmiş ərazilərdə mina təmizlənməsi işləri aparılır, infrastruktur yenidən qurulur. Şəhərin aeroportu və yolları təmir olunur, 500-dən çox ev və ictimai obyekt bərpa mərhələsindədir.Orada məktəb, xəstəxana və mədəniyyət evi tikintisi aparılır. Xocalının iqtisadiyyatı kənd təsərrüfatı, turizm və xizək idmanı əsasında yenidən qurulur.

Xoca şəhərinin mərkəzində memorial kompleksi tikilərək soyqırım qurbanlarının xatirəsi əbədiləşdirilib. Hər il 26 fevral “Xocalı faciəsi” anma günü kimi ölkə səviyyəsində qeyd olunur.Tələbə və gənclər üçün konfranslar, sərgilər və maarifləndirici proqramlar təşkil edilir. Diaspor təşkilatları dünya ölkələrində “Justice for Khojaly” kampaniyası aparırlar.

Xocalının faciəsi dünya ictimaiyyətinə insanlığa qarşı törədilən cinayətlərin unudulmaması zərurətini xatırladır. 24 sentyabr 2023-cü ildə əldə edilən azadlıq tarixi, 32 illik ayrılığa son qoymaqla, insanların doğma yurduna dönüşünün simvoludur. Şəhərin bərpası, infrastrukturun yenidən qurulması və mina təmizləmə işləri əməkdaşlıq və vəhdət nümunəsidir. Qayıdan sakinlərin evlərinin açarlarını alması sevinc və kədərin, xətirə və ümidin eyni çağırışıdır. Yeni məktəblər və xəstəxanalar gələcək nəsillərin rifahını təmin edəcək. Soyqırım memorialı isə tarixdən dərs çıxarmağın əvəzsiz vasitəsidir. Kənd təsərrüfatı və turizm layihələri regionun iqtisadi davamlılığını formalaşdıracaq. Qarabağ dirçəldikcə Xocalı da dirçəlir, birgə zəfər və birlik hekayəsini tamamlayır. Tarixi ədalət və insan haqlarının bərpası uğrunda mübarizənin simvolu olaraq Xocalı hər zaman qəlblərdə yaşayacaq.

Sevinc Mustafayeva

YAP Culfa rayon təşkilatının fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
sesqazeti.az

1Sources