EN

“Biz artıq Xocalıya qayıtdıq, qisas alındı!” - Şəhid anası, QHT sədri

Bu gün bir şəhid anası olaraq qürurla deyirəm ki, illərlə ürəyimizdə daşıdığımız həsrət sona çatdı. Biz artıq Xocalıya qayıtdıq. Övladlarımızın qanı yerdə qalmadı, onların qisası alındı.

Xocalı Günü Azərbaycan tarixinin ən faciəli və kədərli səhifələrindən biri idi. Hər il 26 fevral tarixində xalqımız 1992-ci ildə Xocalı şəhərində baş vermiş faciənin qurbanlarını dərin hüznlə yad edir. Bu gün təkcə matəm günü deyil, həm də ədalətin və həqiqətin dünyaya çatdırılması günüdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinə hücum edilmişdir. Şəhər mühasirəyə alınmış, dinc sakinlərə qarşı ağır zorakılıqlar törədilmişdir. Nəticədə yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar həyatını itirmiş, çox sayda insan yaralanmış və əsir götürülmüşdür. Bu hadisə Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür.

Xocalı faciəsi insanlığa qarşı yönəlmiş bir cinayət kimi qiymətləndirilir. Bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır bir faciədir. Xocalı qurbanlarının xatirəsi daim ehtiramla anılır, onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır.

Bu gün Azərbaycan dövləti və xalqı Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görür. Dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir, şəhidlərin xatirəsi yad edilir.

Xocalı Günü bizə vətənə bağlılığı, milli birliyi və tarixi yaddaşı qorumağın vacibliyini xatırladır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Xocalı faciəsi bizim qəlbimizdə sağalmaz yara idi. O gecə şəhid olan balalarımızın ahı, anaların göz yaşları, yarımçıq qalan ömürlər heç zaman unudulmadı. Biz hər zaman inandıq ki, ədalət gec də olsa zəfər çalacaq.

Bu gün azad Xocalıda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin ruhuna ən böyük təsəllidir. Onların canı bahasına qoruduğu Vətən torpaqları artıq azaddır. Bir ana üçün övlad itkisi əvəzolunmazdır, amma təsəlli budur ki, balalarımız Vətən uğrunda şəhid oldular və torpaqlarımız azad edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu şaddır – çünki Xocalı azaddır, qisas alınıb və Azərbaycan qalibdir.

 

Tünzalə Abduləlimova

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Chosen
9
qht.az

1Sources