EN

10-cu görüş

Üçtərəfli parlament diplomatiyası...

Bu platforma regional əməkdaşlığı gücləndirir

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə fəal əməkdaşlıq mühüm yer tutur. Qonşu ölkələrlə əlaqələrin inkişafında üçtərəfli platforma çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər xüsusi vurğulanmalıdır.

Üç qonşu ölkənin ənənəsi davam edir

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli platforma uzun müddətdir mövcuddur. Hər üç ölkənin liderlərinin, xarici işlər və müdafiə nazirlərinin görüşləri mütəmadi olaraq keçirilir. Eləcə də belə görüşlər parlament müstəvisində də reallaşdırılır. Azərbaycan, Gürcüstan və Türkiyə arasında təməli illər öncə qoyulan uğurlu siyasi, iqtisadi əməkdaşlıq Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini xeyli artırıb. Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir.

Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Nəhəng enerji şirkətlərinin də iştirak etdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahələri üzrə əməkdaşlığı öz səmərəliliyinə görə dünyada nümunəvi təcrübələrdən biri hesab oluna bilər. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində əməkdaşlığı həm region dövlətlərinin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına, həm də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək siyasətinə uyğundur. Xatırladaq ki, üç ölkənin əməkdaşlığı ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilib. Bundan əlavə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçtərəfli strateji əməkdaşlığın səmərəli nəticələridir.

Qeyd edək ki, üçtərəfli platforma çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin iclaslarının keçirilməsi də ənənə halını alıb. Hələ 2024-cü ilin 3 dekabrında Ankarada keçirilmiş 9-cu iclasda 10-cu iclasın Bakıda keçirilməsi qərara alınmışdı. Bu qərara uyğun olaraq iki gün gün öncə - fevralın 24-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclası keçirilib.

Əməkdaşlığın perspektivləri böyükdür

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın perspektivləri, regionda sülh və sabitliyin əhəmiyyəti, bərpaolunan enerji sahələrində görülən işlər, bu sahədə parlamentlərin rolu, parlamentlərarası əlaqələrin inkişafı, ölkələrimiz üçün ortaq maraq kəsb edən məsələlərdə qanunvericiliyin uyğunlaşdırılması, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib. O, eyni zamanda, COP31-in Türkiyədə keçirilməsinin əhəmiyyəti, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, ABŞ-la münasibətlərin inkişafı, Azərbaycan və Gürcüstanın müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı, regionda yaşıl enerji, nəqliyyat və kommunikasiya sahələrinin gələcəyi və digər məsələlər barədə fikirlərini bölüşüb.

Milli Məclisin komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan öz qonşuları ilə münasibətlərə böyük önəm verir və qonşu ölkələrdə sabitliyin tərəfdarıdır. O, bu görüşün ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın, parlament diplomatiyasının daha da güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Fuad Oktay bu cür tədbirlərin parlament diplomatiyasının inkişafı və regional həllərin tapılması baxımından mühüm əhəmiyyətini qeyd edib. O, Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının Türkiyə üçün prioritet olduğunu və ölkəsinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesini güclü şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Türkiyə parlamentinin komitə sədri parlament diplomatiyasının imkanları, Tramp marşrutunun əhəmiyyəti, regionda həyata keçirilən layihələr, dünyada mövcud geopolitik vəziyyət və digər məsələlər barədə danışıb. O, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin bütün regionun və qonşu ölkələrin inkişafına öz töhfələrini verəcəyinə inamını bildirib. Komitə sədri dünyada gedən geosiyasi tranformasiyaların və qlobal qeyri-müəyyənliklərin enerji və nəqliyyat sahələrində diversifikasiyanın vacibliyini bir daha vurğuladığını diqqətə çatdırıb.

Sonra çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bu formatda iclasın keçirilməsinin əhəmiyyətindən danışıb və Gürcüstanın bu formata böyük önəm verdiyini qeyd edib. O, parlament diplomatiyasının bu üç ölkə arasında münasibətlərin inkişafındakı rolunu diqqətə çatdırıb. Komitə sədri dünyadakı münaqişələr, geosiyasi vəziyyət barədə fikirlərini bölüşüb və Gürcüstanın münaqişələrin sülh yolu ilə həllinə sadiq qaldığını qeyd edib. Nikolaz Şamxaradze sülhün iqtisadi inkişaf üçün mühüm amillərdən biri olduğunu və Gürcüstan iqtisadiyyatının ötən il inkişafına görə dünyada ikinci yerdə olduğunu diqqətə çatdırıb. Komitə sədri Gürcüstanın Türkiyə və Azərbaycanla iqtisadiyyat və turizm sahəsində əməkdaşlığı barədə danışıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin regional əməkdaşlıqda rolu və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərini açıqlayıb.

Əlaqələr strateji xarakter daşıyır

İclasda çıxış edən Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, Türkiyə və Gürcüstan parlamentləri ilə birgə keçirilən bu iclas regionumuzun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir və üç ölkə arasında strateji tərəfdaşlığın parlament ölçüsündə daha da dərinləşdirilməsi baxımından xüsusi platformadır. O, diqqətə çatdırıb ki, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, sərhəd təhlükəsizliyi, hibrid təhdidlər və informasiya təhlükəsizliyi kimi məsələlər üç ölkənin ortaq gündəliyində xüsusi yer tutur. Bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq artıq uzun illərdir ki, təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində strateji xarakter daşıyır.

Qrupun rəhbəri bildirib ki, bu kontekstdə parlament diplomatiyası xüsusi əhəmiyyət kəsb edir. Parlament dostluq qrupları dövlətlərarası münasibətlərin yumşaq güc elementlərindən biridir. Bu platformalar vasitəsilə qanunvericilik təcrübəsi paylaşılır, regional layihələrin hüquqi bazası gücləndirilir, humanitar və mədəni əlaqələr təşviq edilir, ictimai diplomatiya inkişaf etdirilir.

Sonra çıxış edən hər üç ölkənin deputatları Mehmet Güzelmansur, İrakli Şatakişvili, Nigar Arpadarai, İsmail Özdemir, Nigar Məmmədova, Metin Ergün, Zaur Şükürov, Fariz İsmayılzadə, Mustafa Canbey, Sevinc Fətəliyeva, Gülşən Paşayeva, Pərvanə Vəliyeva, Rizvan Nəbiyev parlamentlər arasında bu cür üçtərəfli görüşlərin əhəmiyyətindən danışıblar. Deputatlar COP31-in Türkiyədə keçirilməsi, texnologiyaların və süni zəkanın inkişafı, ətraf mühitin qorunması, ölkələr arasında qanunvericiliklərin uyğunlaşdırılması, saxta informasiyaların qarşısının alınması, kibertəhlükəsizliyin təmin edilməsi və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

Nardar BAYRAMLI

1Sources