EN

“Subaylıq andı”nı pozan rahib vəzifəsindən qovuldu

Taylandda buddist məbədinin rəhbəri ətrafında böyük qalmaqal yaranıb. AzPost xarici mediaya istiandla xəbər verir ki, Nonthaburi vilayətində yerləşən iri monastırlardan birinin abbatı kimi tanınan Acarna A. gizli münasibətləri üzə çıxdıqdan sonra dini titulundan imtina etməyə məcbur qalıb.

The Thaiger nəşrinin yaydığı məlumata görə, subaylıq andı içmiş rahibin azı altı qadınla münasibəti olub. Qalmaqal fevralın 6-da sosial şəbəkələrdə yayılan video ilə başlayıb. Həmin görüntülərdə iki qadın arasında kəskin mübahisə yaşanır, onlardan biri özünü Acarna A.-nın “həyat yoldaşı” adlandıraraq digərini onunla münasibətdə ittiham edirdi.

Digər qadın isə bu iddiaları rədd edərək öz sevgilisinin olduğunu bildirib. Daha sonra sosial şəbəkələrdə yeni videolar yayılıb. Həmin görüntülərdə özünü rahibin həyat yoldaşı kimi təqdim edən qadın onun telefonunda aşkar etdiyini iddia etdiyi yazışmaların skrinşotlarını və şəxsi fotoları nümayiş etdirib.

İnternet istifadəçilərinin apardığı araşdırma nəticəsində məlum olub ki, Acarna A. daha dörd qadınla da yaxın münasibətdə olub. Həmçinin onun həmin qadınların estetik əməliyyat xərclərini ödədiyi iddia edilir.

Hadisə ölkə miqyasında rezonans doğurduqdan sonra jurnalistlər abbatın mövqeyini öyrənməyə çalışıblar. Lakin monastır nümayəndələri onun ziyarətə getdiyini bildiriblər. Fevralın 23-də isə Acarna A.-nın rəsmi şəkildə vəzifəsindən getdiyi və rahiblik statusundan imtina etdiyi açıqlanıb.

O, altı qadının xərclərinin dindarların ianələri hesabına qarşılanması ilə bağlı ittihamları şərh etməkdən imtina edib. Hazırda səlahiyyətli qurumlar keçmiş din xadiminin maliyyə fəaliyyətini ətraflı şəkildə araşdırır.

AzPost.az

Chosen
15
1
azpost.info

2Sources