EN

Xocalı: unudulmayan tarix, bərpa olunan gələcək

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri baş verdi. Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə şəhərə hücum edərək dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törətdilər. 

Şəhəri tərk etməyə məcbur olan sakinlər erməni hərbi postlarının pusqusuna düşmüş,onların əksəriyyəti amansızcasına qətlə yetirilmişdir. Yüzlərlə insan sərt qış şəraitində donaraq həyatını itirmiş, öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar da olmuşdur. Əhaliyə qarşı işgəncələr və qeyri-insani rəftar faciənin miqyasını daha da ağırlaşdırmışdır.

Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla ümumilikdə 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Bu faciə yalnız insanlara qarşı deyil, eyni zamanda mədəni irsə qarşı törədilmiş cinayət idi. Şəhərdə 3200 fərdi yaşayış evi, 105 sosial-məişət obyekti, 14 məktəb, 21 klub, 29 kitabxana və digər mədəniyyət ocaqları dağıdılmış, tarixi abidələr, qəbiristanlıqlar və türbələr yerlə-yeksan edilmişdir.

Xocalı soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi Ümumilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən isə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Xalqımızın XX əsrdə üzləşdiyi bu dəhşətli faciə yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı hadisə  ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə  bir qrupun üzvlərinin qətlə yetirilməsi, onlara ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi, qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması, uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər, uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi kimi hərəkətləri ehtiva edir. Bu konvensiyaya əsasən, Xocalıda baş verən qətliam soyqırımı cinayətinin bütün meyarlarına uyğundur. 

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər mülki əhaliyə qarşı törədilmiş ən dəhşətli vəhşiliklərdən biri idi. Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayın dəstəyi ilə şəhəri işğal edərək, yüzlərlə dinc sakini amansızlıqla qətlə yetirdi. Rəsmi istintaq nəticəsində müəyyən edilib ki, bu hücumlar beynəlxalq hüquq baxımından soyqırımı cinayətinin öldürmə və ağır fiziki-mənəvi işgəncələr,  xüsusi mühafizə olunan etnik qrupun məhv edilməsi, azərbaycanlıların irqi, etnik və milli mənsubiyyətinə görə qəsdən hədəfə alınması kimi  elementləri özündə birləşdirərək beynəlxalq hüquqda “soyqırımı cinayəti” anlayışına tam uyğun gəlir.    

Xocalı soyqırımı bir çox ölkələrin parlament aktlarında tanınmış və qınanmışdır. Bu faciə Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstan kimi ölkələrin qanunverici orqanları tərəfindən qəbul edilən qətnamələrdə qeyd olunmuşdur. Bundan əlavə, 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı kimi tanımışdır. 2013-cü ilin fevralında Qahirədə keçirilmiş İƏT İslam Zirvə Konfransında qəbul edilən yekun sənəddə üzv dövlətlər Xocalı soyqırımının tanınması üçün səylər göstərməyə çağırılmışdır. 

 “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Bu beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Justice for Khojaly informasiya portalı və “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, ona hüquqi-siyasi qiymət verilməsi və məsul şəxslərin cəzalandırılması istiqamətində sistemli informasiya və təbliğat fəaliyyətini həyata keçirən mühüm platformalardır. Bu təşəbbüslər dünya ictimaiyyətinin məlumatlandırılması, tarixi ədalətin bərpası, qurbanların xatirəsinin yaşadılması və beynəlxalq hüquq normalarına əsaslanan məsuliyyət mexanizmlərinin formalaşdırılması kimi strateji məqsədlərə xidmət edir.

Xocalı hadisələri ilə bağlı xarici media orqanlarının – o cümlədən The Times, Financial Times, Le Monde və Izvestiya kimi nüfuzlu nəşrlərin yaydığı məlumatlar faciənin beynəlxalq informasiya məkanında geniş əks-səda doğurduğunu göstərir. Bu materiallar Xocalıda baş verənlərin miqyasını və mahiyyətini beynəlxalq ictimai rəyə çatdırmaqla hadisələrin qlobal humanitar və siyasi problem kimi qiymətləndirilməsinə töhfə vermişdir.

2020-ci il Vətən müharibəsi xalqımızın 30 illik doğma yurd həsrətinə son qoydu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qəti qələbə qazanaraq, torpaqlarımızı işğaldan azad etdi. 44 günlük müharibədə göstərilən qəhrəmanlıq və vətənpərvərlik nəticəsində Xocalı şəhidlərinin də qanı yerdə qalmadı. Azərbaycan Ordusu “dəmir yumruq” əməliyyatı ilə düşmənə layiqli cavab verdi, Xocalı soyqırımını törədənlərin arzuladığı “cəzasızlıq” dövrü bitdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Bununla da xalqımız üçün böyük tarixi ədalət bərpa olundu. 

2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağını ucaldaraq bu müqəddəs torpaqların artıq əbədi olaraq dövlətimizin tərkibində olduğunu dünyaya bəyan etdi. 

Xocalı faciəsi hər il 26 fevralda Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anılır. 1993-cü ildən bəri paytaxt Bakıda “Ana harayı” abidəsi önündə minlərlə insanın iştirakı ilə anım mərasimləri keçirilir. 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ümumxalq yürüşü təşkil olundu. Bu tədbir Xocalı faciəsinin heç vaxt unudulmayacağını və xalqın vahid mövqedə olduğunu bir daha sübut etdi.
Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması dövlət səviyyəsində tarixi yaddaşın qorunması və Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən mühüm addımlardan biridir. İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilən bu layihə soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və Xocalı faciəsinin miqyasının dünya ictimaiyyətinə təqdim olunmasına xidmət edir. Heydər Əliyev Fondunun iştirakı ilə yaradılan kompleks həm tarixi faktların nümayişi, həm də kollektiv yaddaşın formalaşdırılması baxımından mühüm ideoloji və mədəni əhəmiyyət daşıyır.

Xocalı şəhəri və rayonun kəndlərinə əhalinin mərhələli şəkildə köçürülməsi işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, sosial-iqtisadi inkişafın təmin olunması və regionda dayanıqlı məskunlaşmanın formalaşdırılması siyasətinin tərkib hissəsidir. Bu proses dövlətin post-münaqişə dövründə ərazilərin yenidən qurulması, infrastrukturun bərpası və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirdiyi strateji tədbirlərin davamlı xarakter daşıdığını göstərir.

Prezident İlham Əliyevin Xocalıya mütəmadi səfərləri regionda aparılan bərpa-quruculuq işlərinə birbaşa nəzarətin həyata keçirildiyini, dövlət suverenliyinin möhkəmləndirilməsini və sosial-iqtisadi inkişafın sürətləndirilməsini əks etdirir. Bu səfərlər çərçivəsində infrastruktur layihələrinin icrası, iqtisadi fəaliyyətin genişləndirilməsi, əhalinin məskunlaşdırılması və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər dövlət siyasətinin prioritetlərini nümayiş etdirir. Eyni zamanda, bu fəaliyyətlər Xocalının yenidən dirçəldilməsi və regionun uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi baxımından mühüm siyasi və praktiki əhəmiyyət kəsb edir.

Bununla belə, 5 fevral 2026-cı il tarixində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüz nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, habelə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılması kimi çoxsaylı cinayətləri törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları barəsində məhkəmə prosesi başa çatmışdır.

Nəticə etibarilə, Xocalı soyqırımının iştirakçıları olan Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri barəsində açıq məhkəmə iclaslarında baxılan cinayət işləri üzrə yekun qərar qəbul edilmiş və həmin şəxslər törətdikləri əməllərə görə müvafiq qaydada cəzalandırılmışlar.

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında sağalmaz bir yara olsa da, bu torpaqların azad edilməsi və bərpası xalqımızın qürur və qətiyyət simvoludur. Müzəffər Azərbaycan Ordusu Xocalı şəhidlərinin qisasını aldı, onların qanı yerdə qalmadı. Bu gün Xocalı artıq qara xatirələr şəhəri deyil, Azərbaycanın əzəmətinin və yenilməzliyinin rəmzi kimi yenidən qurulur. Xocalıya qayıdış sıradan bir qayıdış deyil, bu, xalqımızın tarixi ədaləti bərpa etməsinin, gücünün və iradəsinin sübutudur. Azərbaycan xalqı və dövləti Xocalını yenidən qurmaqda, orada həyatın bərpa olunmasında və keçmişin acı xatirələrini gələcək nəsillər üçün şanlı qələbəyə çevirməkdə qətiyyətlidir. Xocalıya ədalət bərpa olundu! Xocalını unutmadıq, unutdurmadıq və heç vaxt unutmayacağıq!

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

 

Chosen
2
3
sabahinfo.az

4Sources