Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Elmlər Akademiyasının iclasında mürgüləyən alimlərin yayılan fotoları sosial şəbəkələrdə geniş rezonans doğurub. Təəssüf ki, məsələ yenə də istehza və təhqir müstəvisində müzakirə olunur. Sanki insanlar artıq təhqirlə danışmağa vərdiş ediblər.
Azərbaycan elminə illərlə xidmət etmiş, ömrünü tədqiqata, yaradıcılığa həsr etmiş nüfuzlu alimlərin bir neçə fotonun nümunəsində kütləvi olaraq sosial mediada gülüş obyektinə çevrilməsi təəssüf doğurur. Bunlar həmişə dəyər verdiyimiz hörmətli, qocaman elm xadimlərinə qarşı utanverici bir mənzərədir. Bu, nə milli düşüncəyə, nə də ziyalı ənənəsinə uyğun yanaşma deyil.
Yaşlı alimlərin yorğun görüntüsü onların topladığı elmi nüfuzu azaltmır və azaltmamalıdır da. Lakin məsələyə yalnız emosional müdafiə mövqeyindən yanaşmaq da düzgün olmazdı. Çünki düşünürəm ki, fotolar səbəb deyil - nəticədir. Cəmiyyətin diqqətini çəkən əsas məsələ şəxslərdən daha çox vəziyyəti yaradan sistem və belə tədbirlərin qüsurlu təşkili tərəfləri olmalıdır.
Ortada bir həqiqət var: Akademiyanın idarəçilik modeli uzun illərdir ciddi suallar doğurur və bu barədə tənqidi fikirlər zaman-zaman səsləndirilir. Elmi idarəetmə ilə inzibati idarəçilik arasında əsaslı fərq olmalıdır. Elm canlı prosesdir - ideya, müzakirə və dinamika tələb edir. Göründüyü kimi formal prosedurlar isə onu nənki yaşatmır, hətta deyərdim gözdən salır. Təəssüf ki, bu mənzərələr bəzi ali təhsil müəssisələrində də ürəkaçan deyil...
Son günlər müzakirəyə səbəb olmuş vəziyyətlə bağlı sadə bir məqam üzərində düşünək: bir iclas elə təşkil oluna bilər ki, iştirakçılar üçün maraqlı və məhsuldar olsun. Qısa və konkret çıxışlar, real müzakirə, fikir mübadiləsi, nəticəyə yönəlmiş qərarlar…
Əminliklə deyə bilərik ki, bu halda mürgüləmə deyil, canlı polemika yaranar.
Əgər keçirilən iclaslar maraq doğurmursa, müzakirələr formal xarakter daşıyırsa, işgüzar və dinamik mühit formalaşmırsa, bu artıq fərdi məsələ deyil - kök salmış idarəetmənin problemidir.
Cəmiyyətdə haqlı suallar yaranır:
– Akademiyanın fəaliyyəti müasir elmi inkişafın tempinə nə dərəcədə uyğundur?
– Elmi problemlər aktual çağırışlara uyğun qoyulurmu?
– Qərarlar real nəticələrə xidmət edirmi?
– Gənc alimlər üçün yüksəliş və təşəbbüs imkanları varmı?
– Nəsillərarası əməkdaşlıq formal, yoxsa məzmunludur?
Təsadüfi deyil ki, sosial şəbəkədə yayılan bir neçə foto uzun müddət toxunulmayan problemlərin müzakirəsinə səbəb olur. Məsələnin mahiyyətini düşünmədən şəxslərin üzərinə yönəltmək asandır, ancaq düzgün deyil. Yaşından asılı olmayaraq şəxsi fiziki durumuna, yaxud ümumi vəziyyətlə bağlı olaraq hər bir insan mürgüləyə bilər. Doğru yanaşma isə sistemə baxmaqdır.
Elm cəmiyyətin düşüncə mərkəzidir. Orada durğunluq yaranırsa, bu artıq təkcə bir qurumun deyil, ölkənin gələcək intellektual potensialının məsələsidir. Səviyyəli açıq müzakirə və tənqid düşmənçilik deyil - inkişafın başlanğıcı, davamıdır. Bu, kiməsə qarşı mövqe deyil, ölkənin elmi gələcəyinə qarşı məsuliyyət məsələsidir.
Elm və təhsil sahəsində illərlə davam edən idarəetmə keyfiyyətli nəticə doğurmursa, dünyanın müasir inkişafı tələbatına cavab vermirsə dəyişiklik zərurətə çevrilir. Bu sahədə vacib, gözlənilən yenilənmələr, islahatlar artıq seçim deyil - qaçılmazlıqdır.
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.