İşçi vəfat etdiyi zaman ona ödənilməmiş əməkhaqqı, məzuniyyət və mükafat qalıb. Bu ödənişlər vəfat edənin vərəsələrinə ödənilərkən vergi və icbari sosial tutulmalar (tibbi, işsizlik, MDSS) olmalıdırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.
Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.
Onu da qeyd edək ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduğu halda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" və “Tibbi sığorta haqqında” Qanunlar