EN

Maşınla ana, qızı və nənəni vuraraq öldürən sürücüyə nə qədər cəza verildi?

 

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Ayaz Əliyevin barəsindəki verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin olunmuş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 ay həddində müəyyən olunub. “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.2-ci bəndinə əsasən, Ayaz Əliyev barəsində müəyyən edilmiş cəza 6 ilə endirilib.

 

İttihama görə, hadisə 28 may 2023-cü il tarixdə saat 21:05-də radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, 1980-ci ildə təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadalar - 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun qızı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurub. Nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Ayaz Əliyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd: Ayaz Əliyev MMC-lərdən birində satış meneceri vəzifəsində çalışıb.

Tarix: 26 Fevral 2026, 08:20   
Chosen
14
1
pravda.az

2Sources