EN

Xocalı soyqırımı: Tarixi ədalətin bərpası və beynəlxalq tanınma istiqamətində ardıcıl fəaliyyət

Xocalı fəlakətinin izahı, onu yaşayan şahidlərin səslərində və çəkilmiş dəhşətli fotolarda açıq-şaffaf əks olunub. İnsanlığın səssiz qaldığı bir vaxtda, Xocalı sakinləri böyük iztirablarla öz dözülməz talehərini yaşadılar. Biz bu faciənin təkcə rəqəmlərlə deyil, insan taleləri ilə yazıldığını daha açıq dürüst anlaya bilirik. O gecə ailəsini itirən bir uşaq, əsir aparılan qocalar, soyqırımın qurbanı olan qadınlar hələ də bu hadisənin dəhşətini nəsillər boyu daşıyırlar.

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O söyləyib ki, hadisənin baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək üçün güclü təbliğat aparırdı: "İşğal nəticəsində Xocalı şəhərində yüzlərlə məişət obyekti, fərdi yaşayış binası, məktəb, klub, mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi dağıdılıb, XIV-XV əsrə aid türbələr və məzarlar da yerlə-yeksan olunub.

Hadisənin baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək üçün güclü təbliğat aparırdı. Lakin beynəlxalq media orqanlarının, xüsusilə də Qərb jurnalistlərinin çəkdiyi fotolar və hazırladıqları reportajlar Xocalıda törədilən vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmana əsasən, 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilib. Bundan sonra hər il ölkə ərazisində və xarici dövlətlərdə anım mərasimləri keçirilir. Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində geniş fəaliyyət aparılır. Bir sıra ölkələrin parlamentləri və ABŞ-ın bəzi ştatları bu hadisəni qətliam və ya soyqırımı kimi tanıyıb. Lakin böyük güclərin geosiyasi maraqları, qərbi siyasi ikiüzlülüyü və dövlətlərin ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə mane oldu. Buna baxmayaraq, bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi olaraq tanıdı". 

Xocalı soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam uyğun gəlir. Bu akt tənzimləməyə görə, məqsədyönlü şəkildə etnik, milli və dini bir qrupa qarşı kütləvi qətliamdır. 
Bu hadisənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası başladılıb. Məqsəd, dünya ictimaiyyətinin diqqətini bu bədnam faciəyə çəkmək və erməni tərəfinin cinayətlərini ifşa etməkdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı hadisələri barədə məlumatlandırma məqsədi daşıyır. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Həmçinin, Xocalı vəhşilikləri haqqında bir çox xarici jurnalistlərin yazıları dərc edilib".

Deputat bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün müxtəlif hüquqi addımlar atıb: "BMT, Avropa Parlamenti və digər qurumlarda məsələnin müzakirəyə çıxarılması üçün davamlı iş aparılır. Diplomatik səylər nəticəsində bir sıra ölkələr Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi qəbul etmişdir. Eyni zamanda, Azərbaycan beynəlxalq məhkəmə orqanlarında bu məsələnin gündəmə gətirilməsi üçün çalışır. Bu istiqamətdə əsas məqsədlərdən biri Xocalı faciəsinə hüquqi qiymət verilməsi və bu cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab verməsidir.

Prezident İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq tədbirlərdə bu faciənin hüquqi və tarixi aspektlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır". 

Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycanın diplomatik korpusu və diaspor təşkilatları Xocalı həqiqətlərinin beynəlxalq arenada daha geniş şəkildə tanıdılması üçün fəal şəkildə çalışırlar: "2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalı hadisələri soyqırım kimi tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərin artırılmasına çağırıb.

Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı misilsiz igidlik və şücaət göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. 

Xocalıya qayıdış prosesi Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı “Böyük Qayıdış” proqramının mühüm istiqamətlərindən biridir. Bu qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu günədək Xocalıda 8 yaşayış məntəqəsinə 881 ailə, 3.602 nəfər köçürülüb. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” deyərək bu yöndə dövlətimizin qırılmaz əzmini, güclü iradəsini ifadə etmişdi. 

Soyqırımın 34-cü ildönümü ərəfəsində Xocalı qatillərinin Bakı Hərbi Məhkəməsində yekunlaşan məhkəmə prosesi nəticəsində layiqli cəzanı almaları ilə ədalət öz yerini tapdı. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror əməliyyatları ilə tutularaq Bakıya gətirilən Xocalı cəlladları və xunta rejim rəhbərləri məsuliyyətə cəlb olundu. Bu müddət ərzində heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham dövlətimizi qanunun aliliyini qorumaqdan və ölkəmizə, xalqımıza qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirmədi. Müharibə cinayətlərində ittiham olunan şəxslər üçün cəzasızlıq tələb etmək bu cinayətlərə ortaq olmaq deməkdir.

Tarix bu ədaləti hər zaman xatırlayacaq və dayanıqlı sülh ədalət olmadan mümkün deyil".

Chosen
2
7
olke.az

9Sources