ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirib ki, Qarabağda dövlət tərəfindən tikilib, hər şeyi hazır vəziyyətdə verilən evlər bir az yataqxana kompleksini xatırladır. Onun sözlərinə görə, bəzən insanlar orada özlərini qonaq kimi hiss edir, qonşuluq münasibətləri formalaşmır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qed etdi ki, işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə start veriləndə, hökumət də onların da fikrini öyrənmək istəyib və bununla bağlı onlar da təkliflər veriblər:
"Bizim fikrimiz o idi ki, orada yaşamış insanların bir çoxu sağdır və onlar mütləq dinlənilməlidir. Onlarla müzakirələr aparılmalıdır ki, kim öz evini, yaşayış kəndini və ya qəsəbəsini hansı formada bərpa etmək istəyir. Bu çox vacibdir. Həmin insanlar hansı fəaliyyətlə məşğul olmağın mümkün olduğunu, nə əkib-becərməyin səmərəli olduğunu, hansı məhsulların emal edilə biləcəyini və hansı bazarlara çıxarıla biləcəyini daha yaxşı bilirlər. Yəni məşğulluğun təmin olunması baxımından bu məsələ olduqca əhəmiyyətlidir. Razi Nurullayev bildirib ki, dövlət tikinti işlərini tam şəkildə öz üzərinə götürməməlidir. Biz görürük ki, orada tikilən evlər çox baha başa gəlir...
Əgər hökumət nümayəndələri qarabağlıları daha diqqətlə dinləsəydilər, hər bir ailə öz evinin layihəsini təqdim edə bilərdi. Həmin layihəyə əsasən tələb olunan vəsait hesablanardı və dövlət bu vəsaiti mərhələli şəkildə ödəyərdi. Qısa müddətdə biz bütün qarabağlıların öz vətənlərinə qayıtdığını görə bilərdik. Bu müddət ərzində onlar artıq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul ola bilərdilər. Həmin məhsulların emalı ilə bağlı da ərazidə müəssisələr açıla bilərdi. Yəni bu proses əhalinin iştirakı ilə həyata keçirilərdi və bu çox vacibdir. Hazırda hökumət tikinti işlərini öz üzərinə götürüb, evlər tikilir və insanlar ora köçürülür. Lakin bəzən həmin yaşayış yerləri onların zövqünə uyğun olmur, iş yerləri tapılmır və nəticədə bəzi insanlar darıxaraq yenidən şəhərə qayıtmaq istəyirlər".
Müsahibimiz hesab edir ki, hökumət tikinti işlərini tam şəkildə öz üzərinə götürməməlidir:
"Daha məqsədəuyğun olardı ki, hökumət nəzarət funksiyasını həyata keçirsin. Ayrılmış vəsaitin necə xərcləndiyini və tikililərin keyfiyyətinin standartlara uyğun olub-olmadığını yoxlasın. Bu çox vacibdir. Mən hesab edirəm ki, hökumət tikinti işlərini bu formada davam etdirmək əvəzinə qarabağlılarla geniş məsləhətləşmələr aparmalıdır. Onların bir çoxu, əminəm ki, öz dədə-baba yurdlarında evlərini özləri tikmək və əvvəllər məşğul olduqları istehsal sahələrini birgə şəkildə bərpa etmək istəyər. Məsələn, həmin ərazilərdə bələdiyyələr yaradıla bilərdi və onlara müəyyən vəsait ayrılardı. Bələdiyyələr də bölgədə hansı emal sənayesi müəssisəsinə ehtiyac olduğunu müəyyənləşdirərək onun yaradılmasını təşkil edə bilərdi. Bu formada yanaşma daha səmərəli olardı. Əhalinin özü də bu prosesdə iştirakçı kimi fəaliyyət göstərərdi. Belə olduqda məsuliyyət də kəndlilərin və qəsəbə sakinlərinin üzərinə düşərdi və bu, ümumi işin keyfiyyətinə müsbət təsir göstərərdi".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.