EN

Xocalı Soyqırımı Günü: ağrıdan dirçəlişə ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

26 fevral Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir. 1992-ci ilin həmin gecəsi Xocalı şəhərində baş verən dəhşətlər təkcə bir yaşayış məntəqəsinə deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət idi. Bu faciə tarixə Xocalı Soyqırımı kimi düşdü və Azərbaycan xalqının milli yaddaşında sağalmaz yara olaraq qaldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alay bölməsinin iştirakı ilə Xocalıya hücum etdi. Dinc əhaliyə qarşı xüsusi amansızlıqla həyata keçirilən hücum nəticəsində yüzlərlə insan qətlə yetirildi, qadınlar, uşaqlar, qocalar amansız işgəncələrə məruz qaldı. Rəsmi məlumatlara görə, 613 nəfər şəhid oldu, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə bu günə qədər naməlum olaraq qalır. Bu rəqəmlər təkcə statistika deyil – hər biri bir ailənin faciəsi, yarımçıq qalmış bir ömrün hekayəsidir.

Xocalı faciəsi iki əsrə yaxın müddətdə Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. O gecə şəhər yerlə-yeksan edildi, insanlar qarlı-şaxtalı havada meşələrə üz tutaraq canlarını qurtarmağa çalışdılar. Lakin çoxu amansızcasına qətlə yetirildi. Uşaqlar valideynlərini, valideynlər övladlarını itirdi. Bu, təkcə hərbi əməliyyat deyildi – məqsəd bir xalqın iradəsini qırmaq, onu öz torpağından silmək idi.

Lakin Azərbaycan xalqı bu ağrı qarşısında sınmadı. Əksinə, Xocalının harayı milli birliyimizi daha da möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsinin əsasını qoydu. 1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elan edildi. Bu qərar faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində atılan mühüm addım oldu.

Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyev tərəfindən aparılan diplomatik fəaliyyət nəticəsində bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanıyıb. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində anım tədbirləri keçirilir, həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır.

2020-ci ildə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi. Artıq Xocalı da azaddır. Bu, şəhidlərimizin qanının yerdə qalmadığının, tarixi ədalətin bərpa olunduğunun göstəricisidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, həyat yenidən qayıdır. Xocalının dirçəlişi Azərbaycan xalqının iradəsinin, əzminin və yenilməz ruhunun təntənəsidir.

26 fevral təkcə matəm günü deyil, həm də yaddaş və məsuliyyət günüdür. Bu tarix bizə unutmağa haqqımız olmadığını xatırladır. Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayır və yaşayacaq. Ağrıdan doğan dirçəliş, faciədən doğan birlik – məhz bu ruh Azərbaycanı daha da güclü edir.

Xocalı harayı artıq təkcə bir şəhərin fəryadı deyil. O, ədalətə çağırışdır. Və bu çağırış gec-tez bütün dünyada eşidiləcək.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
sesqazeti.az

1Sources