EN

Hüquqşünas: Xocalı faciəsinə hüquqi qiymət verilməsi beynəlxalq qanunların aliliyinin təmini baxımından zəruridir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı faciəsi yalnız Azərbaycan tarixinin ən ağır humanitar faciələrindən biri deyil, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinin kobud və sistematik şəkildə pozulmasının bariz nümunəsi kimi beynəlxalq humanitar hüquq və beynəlxalq cinayət hüququnun normalarının tətbiqini zəruri edən ağır hüquqi hadisədir. Bu baxımdan hadisəyə hüquqi qiymət verilərkən təkcə emosional və siyasi mövqedən deyil, beynəlxalq hüququn müxtəlif istiqamətləri – beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüququ və beynəlxalq hüquqi məsuliyyət kontekstindən təhlil edilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədr müavini hüquqşünas Nəzrin Əliyeva deyib.

O bildirib ki, Xocalı hadisələri beynəlxalq hüququn fundamental prinsiplərinin, o cümlədən BMT Nizamnaməsi və Cenevrə Konvensiyaları ilə təsbit olunan normaların kobud şəkildə pozulması olmaqla, beynəlxalq hüquq baxımından ağır cinayət kimi qiymətləndirilməlidir.

“İlk növbədə, Xocalı hadisələrinin hüquqi təhlili beynəlxalq hüququn ümumtanınmış prinsipləri olan və müvafiq olaraq BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunan güc tətbiq etməmək və güclə hədələməmək prinsipi, dövlətlərin ərazi bütövlüyü prinsipi, sərhədlərin toxunulmazlığı prinsipi, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və Əlavə protokolları ilə müəyyən edilən silahlı münaqişə dövründə mülki əhalinin toxunulmazlığı məsələsi baxımından nəzərdən keçirildikdə vurğulanmalıdır ki, sözügedən prinsiplər universal və imperativ xarakter daşıyır və bu prinsiplərin pozuntusu birbaşa beynəlxalq hüquqi məsuliyyət institutunun meydana çıxmasını zəruri edir.

Eyni zamanda, 1949-cu il Cenevrə konvensiyalarına müvafiq olaraq, silahlı münaqişə zamanı mülki şəxslərin qəsdən öldürülməsi, onların işgəncəyə, o cümlədən qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyulması müharibə cinayəti tərkibi yaratdığından Xocalıda da mülki əhalinin müxtəlif kateqoriyalarının – uşaq, qadın, habelə yaşlıların silahlı hücum nəticəsində amansızcasına qətlə yetirilməsi məhz müharibə cinayəti kontekstində dəyərləndirilməlidir. Bununla yanaşı, Roma Statutunun 7-ci maddəsinə əsasən, Xocalıda mülki əhaliyə qarşı törədilən əməllərin genişmiqyaslı və sistemli hücum çərçivəsində həyata keçirilməsinə insanlıq əleyhinə cinayətin tərkib elementlərini ehtiva edən hadisə kimi hüquqi qiymət verilməlidir. Digər tərəfdən, 1948-ci il Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın müddəalarına görə, milli və ya etnik bir qrupun tam və ya qismən məhv edilməsi məqsədilə hüquqazidd əməllərin törədilməsi soyqırımı cinayət əməli olaraq tövsif edildiyindən Xocalı hadisələri də öz növbəsində müvafiq xüsusi niyyətin mövcudluğunun sübut olunduğu halda soyqırımı cinayətini özündə ehtiva edir”, - deyə hüquqşünas vurğulayıb.

Xocalı hadisələrini beynəlxalq hüquqda məsuliyyət institutu müstəvisindən təhlil etməyin xüsusi əhəmiyyət daşıdığını deyən N.Əliyeva diqqətə çatdırıb ki, beynəlxalq hüquqi məsuliyyət BMT Nizamnaməsi, Cenevrə Konvensiyaları və beynəlxalq adət hüququ əsasında, o cümlədən Nürnberq prinsiplərindən irəli gələn normalara uyğun olaraq, həm dövlətlərin, həm də fərdlərin məsuliyyəti kimi müəyyənləşdirilir. Bu baxımdan, rəsmi statusuna, daşıdığı vəzifəyə, habelə dövlət adından hərəkət etməsinə baxmayaraq, fərdi məsuliyyət daşıyan beynəlxalq cinayət törədən şəxs beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməli və törətdiyi əməllərə beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməlidir.

“Müasir mərhələdə keçmiş separatçı rejimin nümayəndələri və silahlı birləşmələrin rəhbər heyətinin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq məhkəmə icraatına cəlb edilməsi, onların istintaq və məhkəmə prosesləri fərdi cinayət məsuliyyəti prinsipinin praktikada mövcudluğunu göstərən ən bariz nümunələrdən biridir. Ruben Vardanyan, Arayik Harutyunyan, Bako Sahakyan və s. kimi şəxslərin cinayət təqibinə məruz qalması və müxtəlif ağır cinayətlər üzrə ittiham edilməsi məhz məhkəmə prosesi zamanı verilən ifadələrlə, təqdim edilən sübutlarla qondarma rejimin silahlı birləşmələrinin Ermənistanın hərbi sistemi ilə əlaqəli olaraq ən ağır cinayətlər törətməsi faktından irəli gələrək, ağır beynəlxalq cinayətlər üzrə zamanaşımının tətbiq edilməməsi və cəzasızlıqla mübarizə prinsipləri çərçivəsində qiymətləndirilməli və beynəlxalq hüququn praktik effektivliyinin göstəricisi kimi müəyyənləşdirilməlidir. Nəticə etibarilə, beynəlxalq hüquq çərçivəsində Xocalı faciəsinə hüquqi qiymət verilməsi həm tarixi ədalətin bərpası, həm də beynəlxalq hüququn aliliyinin və cəzasızlıqla mübarizənin təmin olunması üçün zəruridir”, - deyə sədr müavini əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
azertag.az

2Sources