EN

Baş Prokurorluq “Amnistiya aktı: Dövlət humanizminin ifadəsi” mövzusunda seminar keçirib  

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasında “Amnistiya aktı: Dövlət humanizminin ifadəsi” adlı seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gənclər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə amnistiya aktının mahiyyəti, hüquqi əsasları və icra vəziyyəti ətraflı müzakirə edilib.

Seminarda çıxış edən Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən ötən il dekabrın 19-da “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın qəbul olunduğunu bildirib. Qeyd olunub ki, həmin qərarın icrası ilə bağlı prokurorluq orqanları tərəfindən genişmiqyaslı və sistemli tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, amnistiya aktı dövlətin humanizm siyasətinin bariz nümunəsi olmaqla yanaşı, cəmiyyətə reinteqrasiyanı, sosial ədalətin təminini və hüquqi islahatların davamlılığını təşviq edir. Dövlət humanizmi yalnız cəzanın yüngülləşdirilməsi deyil, həm də vətəndaşların islah olunaraq cəmiyyətə faydalı fərd kimi qayıtmasına şərait yaradılması deməkdir.

Daha sonra çıxış edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev qeyd olunan qərarın icrası ilə bağlı həmin idarə tərəfindən kompleks və əlaqələndirilmiş işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, cari ilin fevral ayının 19-dək amnistiya tətbiq edilən şəxslərin sayı 18 min 355 nəfər təşkil edib. Onlardan 5638-i azadlıqdan məhrumetmə cəzasından, 9215-i digər cəzalardan azad olunub. Həmçinin 878 nəfər şərti tətbiq edilmiş cəzalardan azad olunub, 1537 nəfərin cəzası 6 ay müddətinə azaldılıb, 1087 nəfər isə cinayət məsuliyyətindən azad edilib.

Çıxışlarda qeyd olunub ki, amnistiya aktının tətbiqi zamanı qanunçuluq prinsiplərinə ciddi riayət edilir, hər bir müraciət fərdi qaydada araşdırılır və qərarlar ədalət, obyektivlik və şəffaflıq prinsipləri əsasında qəbul olunur.

Görüş çərçivəsində iştirakçılarla açıq müzakirə aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəylər dinlənilib. Tədbir qarşılıqlı fikir mübadiləsi və konstruktiv dialoq şəraitində davam edib.

4Sources