EN

“Qarabağ”ın sabiq futbolçusu: Komanda düzgün yoldadır və ildən-ilə daha da güclənir

Bakı, 25 fevral, AZƏRTAC

“Qarabağ” həqiqətən də bu mövsüm Çempionlar Liqasında çox yüksək səviyyədə çıxış etdi. Həm nəticələr, həm də göstərilən oyun baxımından komanda böyük iş gördü. Milyonlarla insan “Qarabağ”ın oyunlarını izləyir və bu, klubun artıq beynəlxalq səviyyədə tanındığını göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev keçmiş komandasının UEFA Çempionlar Liqasında çıxışı ilə bağlı danışarkən deyib.

O, Ağdam klubunun qarşıdakı illərdə də böyük uğurlar qazanacağına inandığını bildirib: “Baş məşqçi Qurban Qurbanovun da vurğuladığı kimi, bu səviyyəyə çatmaq üçün komanda illərlə əziyyət çəkib, böyük zəhmət və enerji sərf olunub. Həm maddi, həm də mənəvi baxımdan ciddi iş aparılıb ki, “Qarabağ” bu nəticələri əldə etsin. Sevindirici haldır ki, komanda düzgün yoldadır və ildən-ilə daha da güclənir. Biz artıq “Qarabağ”ı daha mükəmməl və daha möhtəşəm formada görürük. Bu isə hər birimizi qürurlandırır. Şəxsən mən çox xoşbəxtəm ki, doğma komandam bu gün belə yüksək səviyyədə çıxış edir və artıq beynəlxalq arenada daha çox müzakirə olunur. Bəlkə də pley-offda rəqib “Nyukasl” deyil, PSJ olsaydı, daha rahat olardı. Amma söhbət İngiltərə klubundan gedir. Premyer Liqa komandaları dünya futbolunun ən yüksək səviyyəsini təmsil edir. Statistikaya baxsaq, ən sürətli və intensiv futbolun oynanıldığı liqalardan biri məhz İngiltərə Premyer Liqasıdır. Bu, təsadüfi deyil. Əgər “Qarabağ” belə rəqiblərlə qarşılaşırsa, təbii ki, sürət baxımından müəyyən çətinliklər yaşana bilər. Biz daha çox texniki futbol oynamağa üstünlük veririk, kombinasiyalı hücumlar qururuq və oyunumuzu bu istiqamətdə inkişaf etdirmişik. Amma yüksək temp və fiziki güc böyük rol oynayır. Məsələn, Liqa mərhələsində “Çelsi”yə qarşı oyunda rəqib tam sürətli futbol nümayiş etdirmədi və biz də yaxşı nəticə qazana bildik. Amma “Liverpul” və “Nyukasl”la matçlarda bunlar alınmadı. Bəzi digər İngiltərə klubları ilə matçlarda sürət faktoru həlledici olur. Müasir futbolda temp və fiziki hazırlıq çox böyük əhəmiyyət daşıyır və bu cür oyunlarda əsas fərqi yaradan amillərdən biri məhz budur”.

M.Medvedev Avropadakı uğurlardan sonra futbolçulara başqa klublardan marağın olmasının normal hal olduğunu deyib: “Qarabağ” da daim çalışır ki, hansı mövqedə ehtiyac varsa, ora daha keyfiyyətli oyunçu cəlb edilsin. Artıq neçə ildir ki, komanda həm daxili yarışlarda, həm də avrokuboklarda öz sözünü deyir və “Qarabağ”ın maraqlandığı, istədiyi futbolçuların əksəriyyəti klub haqqında məlumatlıdır. Bu da bir tərəfdən üstünlükdür. Kənardan baxanda elə görünə bilər ki, “Qarabağ” az transfer edir. Amma inanın ki, klub daxilində çox ciddi və davamlı iş gedir. Sadəcə, həqiqətən keyfiyyətli və komandaya uyğun futbolçu tapmaq asan deyil. Üstəlik, mövcud heyəti qorumaq da ən azı transfer qədər vacib məsələdir. Bəzi hallarda futbolçular müxtəlif səbəblərdən narazılıq bildirirlər. Kimisi daha böyük müqavilə təklifi alır, kimisi yeni çağırış istəyir. Hər iki halda onları başa düşmək lazımdır. Amma bu proseslərin idarə olunması böyük zəhmət tələb edir. Qurban Qurbanovun üzərinə təkcə meydandakı iş yox, meydandan kənarda da ciddi məsuliyyət düşür. Biz də istəyirik ki, mövcud heyət qorunsun və əlavə olaraq 3-4 keyfiyyətli futbolçu cəlb edilsin. Açıq görünür ki, hücum, yarımmüdafə və müdafiə xətti güclənməlidir. Bunun da səbəbi odur ki, artıq komanda sıx qrafikdə mübarizə aparır. Liqamızda komandalar gündən-günə güclənir”.

Chosen
12
1
azertag.az

2Sources