EN

Tərlan Əhmədov: Azərbaycan futbolunun inkişafı üçün əsas amil düzgün akademiya sisteminin qurulmasıdır

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan futbolu mütləq şəkildə bərpa olunmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran müdafiəçisi Tərlan Əhmədov ölkə futbolunun mövcud durumu barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, hazırkı vəziyyət kifayət qədər düşündürücüdür: “Bu gün Lixtenşteynə, Litvaya qalib gəlməyi hədəf kimi qoyuruq. Amma əsas sual budur: növbəti mərhələdə nə edəcəyik? Daha yüksək səviyyədə necə rəqabət aparacağıq? Belə məqamda əsas məsələ uzunmüddətli inkişaf strategiyasının formalaşdırılmasıdır”.

Onun fikrincə, Azərbaycan futbolunun təməlindəki problemləri həll etmək lazımdır: “Əsas məsələ düzgün akademiya sisteminin qurulmasıdır. Sağlam təməl olmadan uğur qazanmaq mümkün deyil. Yerli futbolçu yetişməzsə, milli komanda səviyyəsində inkişafdan danışa bilmərik”.

Veteran futbolçu vurğulayıb ki, bir sıra ölkələrdə prioritet milli komandaların gücləndirilməsidir: “Özbəkistan artıq dünya çempionatı səviyyəsində çıxış edir, Gürcüstan Avropa çempionatının final mərhələsində iştirak edib. Bu ölkələr klub səviyyəsində futbolçu yetişdirib Avropaya satır və həm iqtisadi, həm də idman baxımından qazanır. Amma Azərbaycanın aparıcı Avropa liqalarında çıxış edən futbolçularının sayı azdır. İnkişaf üçün əsas yol futbolçu yetişdirmək, ona şans vermək və beynəlxalq arenaya çıxarmaqdır. Əgər təməl düzgün qurulmasa, uzunmüddətli və davamlı uğurdan danışmaq çətin olacaq”.

T. Əhmədovun sözlərinə görə, AFFA futbol təhsilinin inkişafına daha çox diqqət ayırmalıdır: “Bu proses ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Hər klub öz akademiyasına məsuliyyətlə yanaşmalı və yetişdirdiyi futbolçuları əsas komandaya qazandırmalıdır. Elə sistem qurulmalıdır ki, hər klub milli komandaya ən azı bir neçə futbolçu verə bilsin”.

Chosen
26
1
azertag.az

2Sources