Abşeron rayonu, Saray qəsəbəsinin girişində yerləşən "Saray" MTK yaşayış kompleksində avtomobillərin parklanması ilə bağlı vəziyyətin kritik həddə çatdığı bildirilir.
Bu barədə Missiya.Az-a həmin ərazidə yaşayan sakinlər deyib.
Sakinlərin sözlərinə görə, idarəedici şirkətin qaraj yerləri üçün aylıq 40 AZN məbləğində ödəniş tələb etməsi ciddi narazılığa səbəb olub. Bu səbəbdən bir çox sakin avtomobillərini binaların həyətində və daxili keçid yollarında saxlamağa məcbur qalır. Keçid yolları bağlanır, xüsusilə gecə saatlarında kompleksin daxili yollarında avtomobillərin sıx şəkildə park edilməsi hərəkəti iflic edir. Bildirilir ki, bəzi hallarda nəqliyyat vasitələrinin hərəkəti ilə yanaşı, piyadaların keçidi də çətinləşir. Fövqəladə vəziyyətdə müdaxilə mümkünsüz ola bilər.Sakinlər iddia edirlər ki, mümkün yanğın və ya təcili tibbi yardım tələb edən hadisə baş verərsə, əraziyə xüsusi təyinatlı texnikanın daxil olması problemə çevrilə bilər. Bu isə fövqəladə vəziyyət zamanı insanların təhlükəsizliyini ciddi risk altında qoya bilər.Kompleks sakinləri mənfəət naminə təhlükəsizlik qaydalarına laqeyd yanaşıldığını bildirərək aidiyyəti qurumların məsələyə müdaxilə etməsini tələb edirlər.
Məsələ ilə bağlı "Saray" MTK yaşayış kompeksinin Ceyhun adlı komendatı ilə əlaqə saxladıq. O bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Bəli, doğrudur, qaraj qiymətləri 40 manatdır, amma şəhərdə daha bahadır, İnsanlar istəyirlər ki, binada yaşasınlar amma pul ödəməsinlər",- deyə o əlavə edib.
