EN

Azərbaycanın bir sıra kəndləri FAO-nun Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində təltif edilib

Bakı, 25 fevral, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) FAO-nun Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində Azərbaycanın bir sıra kəndlərini rəsmi olaraq təltif edib.

FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, bu qərar ölkənin davamlı kənd inkişafına, biomüxtəlifliyin qorunmasına və mədəni irsin yaşadılmasına sadiqliyini bir daha nümayiş etdirir.

Sözügedən təşəbbüs FAO-nun Baş direktoru tərəfindən 2025-ci ilin dekabr ayında Qahirədə rəsmi təqdimatından sonra icra edilməyə başlanılıb. FAO-nun Kəndlərin Tanınması Təşəbbüsü təbii irsin və biomüxtəlifliyin qorunmasını, ənənəvi ərzaq və qida sistemlərinin saxlanılmasını, kənd mədəniyyəti ilə təhsil, qonaqpərvərlik və turizm sahələri arasında əlaqələrin gücləndirilməsini, eləcə də kənd inkişafında innovativ və rəqəmsal yanaşmaların tətbiqini təşviq etmək məqsədini daşıyır.

Təşəbbüs çərçivəsində Ağalı, Ləkit, Oryet, Sarıbaş və Siyov kəndləri davamlı və inklüziv kənd inkişafı prinsiplərinə sadiqliklərinə görə təltif edilib.

Bu Azərbaycanın nümunəvi kənd icmalarının qlobal səviyyədə tanınması və dəstəklənməsi istiqamətində artan rolunu əks etdirir. Eyni zamanda, ölkənin aqrar-ərzaq sistemlərinin gücləndirilməsi, təbii ekosistemlərin qorunması, habelə kənd əhalisinin dayanıqlılığının və sosial-iqtisadi rifahının artırılması sahəsində öhdəliklərini bir daha təsdiqləyir.

Təşəbbüsün növbəti mərhələsində tanınmış kəndlərin onlayn təqdimatının gücləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə FAO-nun MuNe (Dağ və Kənd Şəbəkəsi) platformasında müvafiq yeniləmələr aparılacaq və hər bir icma üzrə qısa məlumat kartları hazırlanaraq dərc ediləcək. Bu addımlar kəndlərin beynəlxalq görünürlüğünün artırılmasına, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, həmçinin davamlı kənd turizminin təşviqinə töhfə verəcək.

FAO ölkədə davamlı kənd təsərrüfatının inkişafı və təbii ehtiyatların məsuliyyətli idarə olunması istiqamətində Azərbaycan Hökuməti, xüsusilə Kənd Təsərrüfatı , Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə əməkdaşlığın davam etdirilməsini yüksək qiymətləndirir və bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inanır.

Bu mühüm nailiyyət FAO ilə Azərbaycanın kənd icmalarının gücləndirilməsi, biomüxtəlifliyin qorunması və milli prioritetlərə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq innovativ və iqlimə davamlı inkişaf yanaşmalarının təşviqi sahəsində ortaq öhdəliyini bir daha vurğulayır.

Chosen
12
1
azertag.az

2Sources