“Rystad Energy”nin proqnozlarına görə, Rusiyadan Hindistana neft idxalı yanvar ayı ilə müqayisədə 40% azalaraq sutkada təxminən 600 min barelə düşə bilər. Bu həcmlərin böyük hissəsi indi şərq istiqamətinə yönləndirilir ki, bu da əvvəllər Çin özəl neft emalı zavodları arasında populyar olan İran tədarükçüləri ilə qiymət rəqabətinə səbəb olur.
Treydrlərin məlumatına görə, Rusiyanın “Urals” markalı nefti “Brent” etalonuna nisbətən təxminən 12 dollar endirimlə satılır. Ötən ay bu endirim 10 dollar idi. İranın “Iranian Light” markalı nefti isə qlobal etalondan 11 dollar ucuz təklif olunur. Dekabrda bu fərq 8–9 dollar idi.
“Samovarlar” kimi tanınan müstəqil Çin neft emalı zavodları tarixən bazarda “təhlükəsizlik klapanı” rolunu oynayaraq digər ölkələrin qəbul etmədiyi artıq nefti mənimsəyiblər. Lakin onların gücü məhduddur: onlar Çinin ümumi emal gücünün yalnız təxminən dörddə birini təşkil edir və ciddi idxal kvotalarına tabedirlər.
Çin bütün yönləndirilmiş nefti tam şəkildə qəbul edə bilmədiyi üçün satılmamış həcmlər Asiya sularında toplanır. Bu isə Rusiyanı və İranı yeni satış bazarları axtarmağa məcbur edir. Rusiya hasilatı azaltmalı olub. İran isə ABŞ tərəfindən mümkün hücum təhlükəsi fonunda mümkün qədər çox neft ixrac etməyə çalışır.
“Energy Aspects” şirkətinin analitiki Szyanan Sun bildirib ki, Çin özəl emal zavodlarının gücü ehtimal ki, artıq tükənib və icazə verilmiş neft həm quru, həm də dəniz anbarlarında yığılır.
Çinin ən böyük dövlət neft emalı zavodları ənənəvi olaraq İran neftindən yayınırdı və son vaxtlar faktiki olaraq Rusiya neftinin alışını da dayandırıblar.
Görünür, İran bazarda Rusiya təzyiqini artırdıqca zərərə məruz qalır. Fevralın ilk 18 günündə Rusiya neftinin Çin limanlarına tədarükü sutkada 2,09 milyon barelə çatıb ki, bu da yanvarla müqayisədə 20% çox, dekabrla müqayisədə isə təxminən iki dəfə artıqdır.
Eyni zamanda, “Kpler” şirkətinin məlumatına görə, ilin əvvəlindən İranın Çinə neft ixracı sutkada təxminən 1,2 milyon barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır.
Analitiklər qeyd edirlər ki, hazırda dənizdə təxminən 48 milyon barel İran nefti var. Fevralın əvvəlində bu göstərici təxminən 33 milyon barel idi. Artımın böyük hissəsi Sarı dəniz və Sinqapur boğazının payına düşür. Asiya sularında həmçinin təxminən 9,5 milyon barel Rusiya nefti də mövcuddur.
ABŞ-nin İrana qarşı genişmiqyaslı hücumu, xüsusilə neft obyektləri hədəfə alınarsa və ya Hörmüz boğazı vasitəsilə nəqliyyat pozularsa, İran neft ixracına ciddi təsir göstərə bilər. ABŞ Yaxın Şərqdə əhəmiyyətli hərbi qüvvələr yerləşdirib. Prezident Donald Tramp diplomatik həll yoluna üstünlük verdiyini bildirsə də, razılaşma əldə olunmayacağı təqdirdə bunun İran üçün “çox pis” olacağını xəbərdar edib.
“Rystad Energy”nin neft bazarları üzrə vitse-prezidenti Lin Ye qeyd edib ki, Ukrayna münaqişəsinin mümkün dayandırılması ilə bağlı optimist gözləntilər səbəbindən Rusiya nefti Çin alıcıları üçün “nisbətən daha aşağı risk səviyyəsi” daşıyır.