EN

BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə öncə şəhidlərimizin və Xocalı  soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca faciəni əks etdirən videoçarx nümayiş olunub.

BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək Xocalı faciəsinin Ermənistanın ölkəmizə ərazi iddiaları, xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti fonunda baş verən, amansızlığı ilə seçilən ağır bəşəri cinayət olduğunu bildirib. Hadisələr zamanı qətlə yetirilən, girov götürülən, itkin düşənlərin statistikasını xatırladan rektor Xocalının düşmənə asan təslim olmadığını, qüvvələr nisbətinin qeyri-bərabər olduğu döyüşlərdə özünümüdafiə qüvvələrinin müqaviməti ilə ortaya əsl fədakarlıq nümunəsinin qoyulduğunu, mülki əhalinin isə köməksiz qaldığı üçün erməni vəhşiliyinin qurbanına çevrildiyini vurğulayıb.

Rektor Xocalı soyqırımına Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymətin verilməsinin mümkün olduğunu önə çəkərək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərilən sistemli fəaliyyətə toxunub. Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması və cinayətkarların ifşasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini qeyd edib. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Xocalı faciəsi haqqında faktların dünyanın müxtəlif ölkələrində yayıldığını, çoxsaylı qətnamə və bəyanatların qəbul olunduğunu diqqətə çatdırıb.

Yaqub Piriyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, separatçılardan təmizlənən Xocalı şəhərində 2023-cü il oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağı ucaldı və böyük Zəfərimizlə Xocalı şəhidlərinin qisası alındı. Hazırda Xocalının teleyinin dəyişməsinə diqqət çəkən rektor şəhərin Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulmasından, məskunlaşma prosesinin uğurla davam etməsindən danışıb. Vurğulayıb ki, bütün bunlar artıq Xocalının həyatın, ümidin və gələcəyin şəhərinə çevrildiyini göstərir. Çıxışının sonunda Yaqub Piriyev xalqımızın  öz tarixinin Xocalı səhifəsini heç zaman unutmayacağını qeyd edib və  faciə qurbanlarına, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri  Xatirə İsmayılova çıxış edib. O, Xocalı qətliamının xalqımızın yaddaşında sağalmaz yaralar açdığını söyləyərək, qazanılan Zəfərlə faciə qurbanlarının, şəhidlərimizin qanının yerdə qalmadığını və onların ruhunun şad olduğunu vurğulayıb. Xatirə İsmayılova gənclərə səslənərək Vətəni sevməyin, onu qorumağın və tarixi həqiqətləri yaşatmağın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu söyləyib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə Xocalı faciəsinin yaddaşlardan heç zaman silinməyəcəyini bildirib, gənclərin tarixi həqiqətləri dərindən öyrənməsinin və onları beynəlxalq platformalarda düzgün şəkildə çatdırmasının vacibliyini önə çəkib. O, çıxışında həmçinin tarixi faktlara toxunub və Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərindən, çağdaş qüdrətli Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan bəhs edib.

Sonda Vətən müharibəsi şəhidi Xaliddin Veyislinin qızı, BMU-nun “Dizayn” ixtisası üzrə I kurs tələbəsi Jalə Veyisli çıxış edərək uzun illər boyu adı yalnız kədərli hislərlə və dəhşətli faktlarla xatırlanan Xocalının azadlığının milli qürurumuzun, birliyimizin və iradəmizin təntənəsi olduğunu deyib. O, qazanılan Zəfərlə bütün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayaraq,  hazırkı nəslin borcunun bu qələbəni qorumaq, Xocalını yenidən qurmaq, onun tarixini unutmamaq və vətən sevgisi kimi ulu mirası gələcək nəsillərə ötürmək olduğunu bildirib.

Chosen
15
1
azedu.az

2Sources