EN

Südü də, qaymağı da xaricdən alırıq: 1,2 milyon baş heyvan hara yox olub?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin yanvar ayında Azərbaycan 2 145 ton süd və qaymaq idxal edib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə süd və qaymağın dəyəri 3 milyon 428.77 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 700 ton (48,4 %), dəyər baxımından isə 1 milyon 604 (87,8 %) çoxdur. Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib. 

Maraqlıdır ki, süd və qaymaq məhsullarının idxalının artması yerli istehsal bazarına necə təsir edir? 

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanın süd və qaymaq idxalının 50%-ə yaxın artması əsasən daxili istehsalın tələbatı qarşılaya bilməməsi ilə bağlıdır. 

Onun sözlərinə görə, yerli istehsalın həcmi məhduddur, texnologiya və infrastrukturun kifayət qədər inkişaf etməməsi, həmçinin heyvandarlıq sektorunda bəzi problemlər idxalı artıran amillərdəndir: 

“Əgər idxal 50%-i keçərsə, yerli bazarda bu məhsullara olan tələbat xaricdən təmin olunacaq. Bu zaman yerli istehsalçılar bazarda rəqabət qabiliyyətini saxlamaq üçün ya istehsal güclərini artırmalı, ya da keyfiyyət və qiymət baxımından üstünlüklər yaratmalıdırlar. 

Əks halda, idxal artımı yerli istehsalın azalmasına və bazar payının düşməsinə səbəb ola bilər”. Ekspert qeyd edir ki, bu vəziyyət uzunmüddətli perspektivdə yerli süd və qaymaq istehsalının inkişafına mane də ola bilər, çünki istehsalçılar bazar motivasiyasını itirə bilərlər.

İqtisadçı-ekspert Razi Abbasbəyli isə “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda son rəsmi statistikaya əsasən süd məhsullarının istehsalı 2.1 milyon ton təşkil edib, ölkədə süd və süd məhsullarının istehlakı da kifayət qədər artıb, təxminən il ərzində bir adam üçün nəzərdə tutulan süd məhsulları istehlakı 250 kiloqram təşkil edib: 

“Daxildə istehsalın azalması idxalın həcminin artmasına səbəb olur. Son bir il ərzində idxal 700 ton və ya dəyər ifadəsində 87%-dən çox artıb. Bunun əsas səbəbindən biri odur ki, Azərbaycanda maldarlıq təsərrüfatlarının sayı sürətlə azalır.

Ölkədə son iki il ərzində maldarlıq təsərrüfatlarında təxminən 1 milyon baş xırdabuynuzlu, 250 min baş iribuynuzlu azalma müşahidə olunur. Bu azalmanın bir sıra səbəbləri var. Xüsusilə də aqrar sektorda xərclərin artması, təsərrüfat sahiblərinin bu xərci qarşılaya bilməməsi əsas səbəblərdəndir”. 

İqtisadçının sözlərinə görə, ölkədə maldarlıq təsərrüfatı üçün tələb olunan yem və yem məhsullarının xaricdən alınması nəticə olaraq qiymətlərin də artmasına səbəb olur. İri və xırdabuynuzlu maldarlıq təsərrüfatında istehsalın bazar qiyməti ilə maya dəyəri arasında ciddi fərqlər var. 

Bunun nəticəsidir ki, istehsal aşağı düşməyə başlayıb. Maldarlıq təsərrüfatının sayındakı kəskin azalmadan və daxili tələbatın artması səbəbindən idxaldan asılılıq sürətlənib.

Onun fikrincə, Azərbaycanda bu tendensiya davam edəcək:

“İdxaldan asılılıq, xüsusilə də maldarlıq təsərrüfatı üçün lazım olan yem məhsulları, dərman preparatlarının gündən-günə genişlənməsi, eyni zamanda xarici bazarlarda baş verən hərəkətlilik, qiymətllərin dəyişməsi, bahalaşma idxaldan asılı olan daxili bazara da öz mənfi təsirlərini göstərir. 

Ölkə daxilində müvafiq olaraq bu sahələrə artırılan dotasiyaların, yaxud hər hansı güzəştlərin aşağı səviyyədə olması nəticə etibarı ilə iri və xırdabuynuzlu maldarlıq təsərrüfatlarının sayının azalmasına gətirib çıxarır. 

Hökumət ən qısa zamanda maldarlıq təsərrüfatları ilə bağlı dotasiyaların sayını artırmalıdır, eyni zamanda xarici ölkələrdən idxal edilən yem məhsulları və dərman preparatlarına gömrük rüsumlarında müəyyən güzəştlər tətbiq olunmmalıdır. Müəyyən kateqoriya üzrə ixtisaslaşmış fermerlərə, sahibkarlara kommunal və enerji qiymətləri ilə bağlı güzəştlər edilməlidir ki, vəziyyət bu şəkildə davam etməsin”. 

İqtisadçı qeyd edir ki, süd və süd məhsullarında idxalın bu şəkildə artmasının davam etməsi Azərbaycan üçün yaxşı hal deyil. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

süd yağ Akif Nəsirli Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
cebheinfo.az

2Sources