“Budyo Qlimt” UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.
Msport.az xəbər verir ki, Norveç təmsilçisi pley-off mərhələsinin cavab matçında İtaliya “İnter”ini 2:1 hesabı ilə məğlub edərək (ilk oyun – 3:1) XXI əsrdə unikal nailiyyət əldə edib.
Skandinaviya klubu Avropanın “Top-5” liqalarını təmsil edən rəqiblərinə qarşı ardıcıl 4 qələbə qazanan ilk komanda olub. Norveçlilər “İnter”dən əvvəl “Mançester Siti”ni (3:1) və Madrid “Atletiko”sunu (2:1) üstələyiblər. Sonuncu dəfə belə nəticəni 1971/1972 mövsümündə Niderlandın “Ayaks” komandası göstərib.
Qeyd edək ki, “Budyo Qlimt” 2022-ci ildə UEFA Konfrans Liqasının 1/4 finalçısı, 2025-ci ildə isə UEFA Avropa Liqasının yarımfinalçısı olub.