EN

Süfrədə yoxsulluğun dadı kartof, soğan...

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bazara gedəndə ilk baxılan qiymətlər çox vaxt kartofla soğanın üzərində olur. Çünki minlərlə ailə üçün seçim lüks məhsullar arasında deyil, ən ucuz və ən doyumlu qidalar arasındadır. Bu gün ölkədə aztəminatlı ailələrin süfrəsində ətin, balığın, meyvənin yerini çox vaxt kartof və soğan tutur. Bu iki məhsul həm əlçatandır, həm də minimum büdcə ilə ailəni doyurmağın ən sadə yoludur.

Kartof ucuz kaloridir. Soğan isə dad qatır, yeməyi “yemək” edir. Amma məsələ təkcə dad və doyum deyil. Problem ondadır ki, kasıbın qida rasionu getdikcə daha monoton və qida dəyəri baxımından kasadlaşır. Zülal, vitamin, mikroelement çatışmazlığı uzunmüddətli perspektivdə sağlamlıq problemlərinə yol açır. Uşaqların inkişafı, yaşlıların immun sistemi, ümumi əmək qabiliyyəti birbaşa qidalanmadan asılıdır.

İqtisadi çətinliklər artdıqca ailələr ilk növbədə qida xərclərinə “optimallaşdırma” tətbiq edir. Süfrədən əvvəlcə qırmızı ət çıxır, sonra balıq, daha sonra meyvə. Nəticədə qalır ən ucuz, ən davamlı məhsullar. Kartof və soğan pis qida deyil, amma təkbaşına balanslı qidalanma da deyil. Qidalanma müxtəliflik tələb edir. Müxtəliflik isə gəlir tələb edir.

Bu mənzərə həm də sosial bərabərsizlik göstəricisidir. Bir tərəfdə sağlam həyat tərzi, üzvi məhsullar, bahalı pəhriz proqramları, digər tərəfdə isə “bu gün süfrəyə nə qoyaq?” sualı ilə yaşayan ailələr. Qida təhlükəsizliyi yalnız məhsulun mövcudluğu deyil, onun hər kəs üçün əlçatan olması deməkdir. Əgər bir ailə ayın sonuna qədər büdcəni çatdırmaq üçün yalnız ən ucuz məhsullara möhtac qalırsa, bu artıq sosial məsələdir.

Kənd təsərrüfatı ölkəsi kimi təqdim olunan bir məkanda insanların əsas qida rasionunun iki-üç məhsulla məhdudlaşması düşündürücüdür. Yerli istehsalın artırılması, bazarlarda qiymət sabitliyinin qorunması, sosial dəstək mexanizmlərinin gücləndirilməsi bu problemin yumşaldılmasına kömək edə bilər. Əks halda yoxsulluğun dadı nəsildən-nəslə ötürüləcək.

Kartof və soğan uzun illər xalqın süfrəsində olub və olacaq da. Amma məsələ onların varlığı deyil, alternativin olmamasıdır. Seçim imkanı olmayan süfrə kasıblığın ən səssiz göstəricisidir. İnsanların sağlam və müxtəlif qidalanmaq imkanı sosial rifahın əsas meyarlarından biridir. Süfrədəki menyu bəzən statistikadan daha çox həqiqəti göstərir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
bizimyol.info

1Sources