EN

Qrizmanın yeni klubu BƏLLİ OLDU

İspaniyanın Atletiko Madrid klubunun ulduz futbolçusu Antuan Qrizman karyerasında yeni səhifə açmağa hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli hücumçunun ABŞ-ın MLS liqasında çıxış edən Orlando Siti komandasına transferi gündəmdədir.

Məlumatı tanınmış insayder Fabrisio Romano yayıb. Bildirilir ki, "Orlando Siti"nin idman direktoru Rikardo Moreyra Madridə səfər etdikdən sonra tərəflər arasında danışıqlar sürətlənib və keçidin yaxın həftələrdə rəsmiləşməsi gözlənilir.

Xəbərdə qeyd olunur ki, ABŞ mədəniyyətinə xüsusi maraq göstərən və xüsusilə NBA-nı yaxından izləyən Qrizman okeanın o tayında çıxış etməyə müsbət yanaşır.

34 yaşlı forvard "Atletiko" tarixində ən məhsuldar oyunçu kimi yadda qalıb. O, Madrid klubunun heyətində 210 qol vuraraq rekord müəllifi olub. Cari mövsümdə isə bütün turnirlərdə 35 matçda iştirak edən futbolçu 12 dəfə fərqlənib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qrizmanın MLS-ə mümkün transferi yay transfer dönəminin ən səs-küylü keçidlərindən biri ola bilər.

Hüseyn
Milli.Az

Chosen
29
1
milli.az

2Sources