EN

Xocalı - Qan yaddaşımızdır!

26 fevral tariximizin ən qanlı, faciəli, unudulmaz soyqırımı günüdür. Xocalı faciəsi demək olar ki, bəşəriyyətin ən qəddar faciəsidir. Bu, yalnız Azərbaycan xalqına qarşı edilmiş vəhşilik deyil, bütün insanlığa qarşı törədilmiş vəhşətdir. Bu il artıq Xocalı faciəsindən 34 il ötür. Lakin illər ötsə də bu faciənin ağrı-acısı nəinki xocalıların, bütün Azərbaycanın ürəyində yaşamaqdadır.

Xocalı faciəsi təkcə müharibənin acı bir nəticəsi deyil, məqsədyönlü və planlaşdırılmış bir soyqırımı aktıdır. Xocalı aylarla mühasirədə saxlanılmış və sonra isə qəfil hücuma məruz qalmışdı. Qaçmağa çalışan insanlar yollar boyu güllələnmiş, sağ qalanlar isə əsir götürülərək ağır işgəncələrə məruz qalmışdır.

Bu soyqırım, eyni zamanda, erməni millətçilərinin iki yüz ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin qanlı bir səhifəsidir. 1905-1907-ci illərdə, 1918-ci ildə və sonrakı onilliklərdə Azərbaycan əhalisi dəfələrlə soyqırımı və deportasiyalara məruz qalmışdır. Xocalı bu tarixin ən dəhşətli epizodlarından biri kimi yadda qalır və erməni terrorunun əsl mahiyyətini ortaya qoyur.

Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla 613 nəfər xocalı sakini xüsusi amansızlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Canlarını qurtaran sakinlər isə fiziki və mənəvi olaraq bu faciənin ağrı-acılarını hələ də yaşamaqdadır. Belə ki, sağ qalan xocalı sakinlərindən 487 nəfər şikəst edildi, həmin sakinlərdən 76 nəfəri uşaqdır. Bir neçə ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Ermənilərin bu işğalı nəticəsində Xocalı şəhəri də yerlə-yeksan edilmiş, evlər yandırılmış, sosial- məişət obyektləri, məktəblər, kitabxanalar, tarixi abidələr, məscidlər məhv edilmiş, yandırılmış, təbiətə qarşı da terror törətmişdilər.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildi. Beləliklə bu qərardan sonra hər il bu tarixdə Xocalı faciəsi, Xocalı qurbanları böyük hüznlə, kədərlə yad edilir.

Ermənistanın müharibə cinayətləri cəzasız qalmayacaq. 44 günlük savaşda hərbi, iqtisadi, siyasi və mənəvi baxımdan darmadağın edilən bu ölkə törətdiyi əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək və müvafiq kompensasiya ödəməyə məcbur ediləcəkdir. Bu, Azərbaycan Respublikasının rəsmən elan olunmuş hüquqi məqsədidir.

Vətən müharibəsindəki zəfər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi müdrikliyinin və milli yüksəliş siyasətinin məntiqi nəticəsidir. Bu qələbə xalqımızın ləyaqət rəmzidir, milli kimliyimizin təntənəsidir. Bütün dünya xalqımızın böyüklüyünün, öz milli maraqları uğrunda mübarizə aparmaq əzminin şahidi oldu və dövlət, xalq olaraq indi daha qürurluyuq.

2023-cü il antiterror əməliyyatı nəticəsində isə Xocalı işğaldan azad edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xocalı separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı və üçrəngli bayrağın ucaldılma anında keçirdiyi hissləri ictimaiyyətlə bölüşərək bildirdi ki,  “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda üçrəngli bayrağımızın dalğalandığı hər gün şəhidlərimizin ruhunu şad edir, bizi qürurlandırır”.

Bu gün bütün işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi Xocalıya da torpaqların əsl sahibləri qayıdır. Lakin biz bəşəriyyətin ən qanlı cinayətini unutmamalıyıq və unutmayacağıq. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi üçün bizlər də əlimizdən gələni əsirgəməyəcəyik.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Chosen
13
redaktor.az

1Sources