EN

Xocalı faciəsi qurbanlarının xatirəsi Berlində anıldı - FOTOLAR

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin və “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Berlində anım mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Xocalı faciəsinə həsr edilmiş, səfirlik tərəfindən alman dilində hazırlanmış qısa film nümayiş olunub.

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri çıxış edərək Xocalı faciəsinin xalqımızın tarixinə qanla yazılmış ən ağır səhifələrdən biri olduğunu vurğulayıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Xocalı faciəsinin “Soyuq müharibə”nin başa çatmasından sonra Avropada törədilmiş ilk soyqırımı olduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, cəmi bir gecə ərzində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır.

Vurğulanıb ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası mühüm rol oynayır.

Səfir N.Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyini tam bərpa edildiyini, bununla da tarixi ədalətin təmin olunduğunu bildirib. Qeyd edib ki, bu gün Xocalı yenidən qurulur, şəhər sürətlə dirçəlir və sakinlərin doğma yurdlarına qayıdışı artıq başlanıb.

Sonra “Xarı Bülbül” Mədəniyyət Evinin müəllimi, fəlsəfə elmləri doktoru Afət Nəbili “Xocalı: Yaddaş, hüquq və zamanın ədaləti” mövzusunda məruzə ilə çıxış edərək faciənin ağır nəticələrindən bəhs edib. O vurğulayıb ki, Xocalıda törədilən qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.

Türkoloq-alim, tərcüməçi Mixael Raynhard Hess və Almaniyada fəaliyyət göstərən “Alaturka” cəmiyyətinin sədri Erkan Gülen çıxışlarında faciəyə beynəlxalq hüquq müstəvisində obyektiv qiymət verilməsinin vacibliyini qeyd edib, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının tarixi və mənəvi məsuliyyət olduğunu bildiriblər.

Daha sonra Xocalı şəhidlərinin xatirəsinə həsr edilən musiqili kompozisiya təqdim olunub. Almaniyanın Barenboim-Said Akademiyasının fortepiano üzrə professoru, “Xarı Bülbül” Mədəniyyət Evinin müəllimi Nigar Sadıqova görkəmli bəstəkarların əsərlərini ifa edib.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Chosen
8
1
bakivaxti.az

2Sources