EN

Avropa İrəvana yeni missiya göndərir: sərhədimizdəki qüvvələr nə edəcək?

Avropa İttifaqı iyunda keçiriləcək parlament seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq məqsədilə Ermənistana yardım etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, ilk dəstək Rusiyanın dezinformasiya siyasətinə qarşı mübarizə aparacaq “hibrid sürətli reaksiya qrupu”nun göndərilməsidir. Daha sonra Ermənistanda Aİ-nin daimi mülki missiyası fəaliyyətə başlayacaq.

“Azadlıq radiosu” Ermənistan xarici işlər nazirinin Brüsselə göndərdiyi məktubu əldə edib. 13 fevral tarixində göndərilən məktubda Ararat Mirzoyanın Avropadan İrəvana sürətli reaksiya qrupu göndərməsi istəyi qeyd olunur. Bu, Moldovaya verilən dəstəklə analogiya təşkil edir. Ötən il parlament seçkiləri zamanı Aİ Rusiyanın dezinformasiyalarını dərhal aşkar etmək və qarşısını almaqda Moldova hakimiyyətinə kömək edən 20 nəfərlik qrupu Kişinyova göndərmişdi. Həm Kişinyov, həm Brüssel bu layihəni uğurlu hesab edirlər. Aİ eyni dəstəyi Ermənistana verməyə hazırlaşır.

“Azadlıq radiosu” Brüsseldəki müzakirələrdə diplomatik qeydləri də əldə edib. Məlumata görə, Aİ “həm 2026-cı ilin iyun ayında keçiriləcək seçkilərdən əvvəl, həm də Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi zamanı Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün gücləndirilməsinə dəstəyini ifadə etmək” niyyətindədir. Eyni zamanda, “Ermənistana təklif olunan dəstək açıq şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərinin azaldılmasına və yumşaldılmasına yönəlməlidir”.

Chosen
13
publika.az

1Sources