Misli premyer-liqasının 22-ci turunda bəlkə də mövsümün ən vacib oyunu keçiriləcək. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək.
Çempionluq mübarizəsi aparan iki komandanın məhz bu oyunuhəlledici ola bilər. “Qarabağ” bu oyunda qələbə qazanmasa və ya heç-heçə etsə, böyük ehtimalla mövsümün sonunda titulla vidalaşacaq. Gələn mövsüm də ÇL-də mübarizə aparmaq, maliyyə durumunu yaxşılaşdırmaq üçün çempionluq mütləqdi. Bunun üçün də “Sabah”la oyunda qələbə lazımdı.
Düzdü, qələbəni qazanan futbolçulardı. Amma oyuna rəng qatan, futbolçulara motivasiya verən azarkeşlərdi. 30 minlik “Bəhramov”u doldurmaq da azarkeşlərin işidi.
Bu mövsüm 7 oyunda bu stadion dolub. Lakin 3-4 gün sonra “Azərsun Arena”nın tribunalarında az qala futbolçuların dialoqu eşidiləcək qədər sakitlik olub. Digər komandanın azarkeşləri də “Qarabağ”lılara ad qoyub – Avropa azarkeşləri.
Əziz “Qarabağ” azarkeşləri, Qarabağ əhli və futbolsevərlər. Buyurun, bu meydan, bu da şeytan! Stadionu doldurun, komadanıza dəstək olun və sübut edin ki, siz başqa ölkələrin komandalarını yox, “Qarabağ”ı sevirsiz. Həqiqət anı yetişib. Çempionatda intriqanın yoxluğundan şikayətlənib gəlmirdiz. Bundan o tərəfə nə intriqa?! Komandanız “Sabah”dan 7 xal geridədi. Təxirə salınan oyunda “Neftçi”ni məğlub edəcəyinizə də heç kim zəmanət vermir - özü də belə “Neftçi”ni. Odu ki, özünüzü sübut etməyin vaxtı-vədəsi çatıb.
Təkcə “Qarabağ”ın yox, “Sabah”ın və başqa komandaların da azarkeşləri stadionda olmalıdı. Mütləq olmalıdı. Bunu futbolumuz naminə edin. “Sabah”ın çempion olmasını istəyənlər də az deyil. Hamılıqla tribunaya!
İş, yol, tıxac kimi bəhanələr keçmir. Bazar günü, saat 19.00 - bundan ideal vaxt ola bilməz. Özü də şəhərin mərkəzində - “Gənclik”də. Biletlərin qiyməti də avrokuboklardakı kimi 10 manatdan başlamayacaq.
Hörmətli “Qarabağ” azarkeşləri! Bazar günü tribunalarda qələbəlik olmasa, həmişə başqa komandaların, xüsusən də “Neftçi”lilərin lağ obyekti olacaqsız!
MÜZƏFFƏR QULUZADƏ