EN

Naxçıvanda yeni subartezian quyularının qazılması sakinlərin keyfiyyətli içməli suya olan tələbatını ödəyəcək - Açıqlama

Naxçıvan, 24 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli "Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq muxtar respublikanın bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə əlavə tədbirlər həyata keçiriləcək. Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla, ümumi əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin keyfiyyətli içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görəcək.

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ayxan Həsənov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Sərəncama uyğun olaraq Babək rayonunda Cəhri qəsəbəsi, Çeşməbasar, Didivar, Güznüt, Kültəpə, Qaraqala, Məzrə, Naxışnərgiz, Nəzərabad, Sirab və Yuxarı Uzunoba kəndlərində, Culfa rayonunda Culfa şəhəri ilə yanaşı, Bənəniyar, Xoşkeşin, Kırna, Saltaq və Teyvaz kəndlərində, Kəngərli rayonunda Qıvraq qəsəbəsi, Böyükdüz, Çalxanqala, Xok, Təzəkənd və Yeni Kərki kəndlərində, Ordubad rayonunda Ağrı, Aşağı Əylis, Azadkənd, Dizə, Düylün, Xanağa və Yuxarı Əylis kəndlərində, Şahbuz rayonunda Badamlı qəsəbəsi, Ayrınc, Külüs, Mərəlik, Şada və Şahbuzkənd kəndlərində, Şərur rayonunda isə Qaraburc və Şəhriyar kəndlərində subartezian quyuları qazılacaq. Bunun üçün hidrogeoloji kəşfiyyat işləri aparılacaq, subartezian quyularının qazılacağı yerlər müəyyən ediləcək və buna uyğun olaraq layihə-smeta sənədlərinin hazırlanması təmin olunacaq. Beləliklə, subartezian quyularının qazılması işləri mərhələli şəkildə reallaşdırılacaq.

“Prezidentin Sərəncamı Naxçıvan Muxtar Respublikasında su təhlükəsizliyinin təmin edilməsi və kənd yerlərində infrastrukturun müasirləşdirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Yeni quyuların istifadəyə verilməsi muxtar respublikanın sosial-iqtisadi inkişaf tempini sürətləndirməklə yanaşı, həm əhalinin rifah halının yüksəldilməsinə və ekoloji tarazlığın qorunmasına töhfə verəcək, həm də sakinlərin keyfiyyətli içməli suya olan tələbatını ödəyəcək”, - deyə Ayxan Həsənov əlavə edib.

Chosen
32
1
azertag.az

2Sources