EN

Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq “win-win” modelidir – Belqraddan rəy

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycanla Serbiya arasında enerji sahəsində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib və perspektivli tərəfdaşlıq modeli kimi çıxış edir.

Bu fikri serbiyalı ekspert Andrey Boyiç AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında səsləndirib.

Onun sözlərinə görə, Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə imzalanmış sazişlər ikitərəfli əməkdaşlıqda tamamilə yeni səhifə açıb. Ekspert bildirib ki, söhbət Azərbaycanın Avropada həyata keçirdiyi iri investisiya layihələrindən gedir. Bura Niş şəhəri yaxınlığında təbii qazla işləyən elektrik stansiyasının tikintisi barədə saziş də daxildir.

A.Boyiç vurğulayıb ki, dənizə çıxışı olmayan və yüksək iqtisadi artım tempi nümayiş etdirən Serbiya boru kəməri bağlantılarını inkişaf etdirməyə və enerji resursları təchizatçıları ilə əməkdaşlığı genişləndirməyə məcburdur. Bu kontekstdə o, Azərbaycanla tərəfdaşlığı klassik “win-win” formatının nümunəsi adlandırıb.

Onun sözlərinə görə, Belqrad təminatlı təbii qaz və elektrik enerjisi tədarükü əldə edir, Bakı isə etibarlı və sabit bazar qazanır. Ekspert əlavə edib ki, Serbiyanın enerji təhlükəsizliyi bütövlükdə Avropanın enerji təhlükəsizliyi üçün də əhəmiyyət daşıyır, çünki region ölkələri vahid coğrafi məkan daxilində yerləşir.

Chosen
25
1
azertag.az

2Sources