İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-nin (AAYDA) 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvə və texnikası vasitəsilə həyata keçirilir.
Qurumun məlumatına görə, əsas işlər Çuxuryurd–Dəmirçi avtomobil yolunda görülür. Qış aylarında sərt hava şəraiti və yağıntılar nəticəsində həmin ərazidə çökmə halları aşkarlanıb. Hazırda deformasiyaya uğramış hissələr təmizlənir, yararsız asfalt qatı sökülərək yenisi ilə əvəz olunur, zəruri yerlərdə isə beton örtük üzərinə yeni asfalt qatı salınır.
Sahə rəisi Anar Hacıyev bildirib ki, idarənin əməkdaşları eyni zamanda Şamaxının Cabanı–Əngəxaran–Məlhəm–Çuxuryurd–Nağaraxana avtomobil yollarında da təmir-bərpa işlərini davam etdirirlər. Onun sözlərinə görə, məqsəd vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.
Hazırda təmir prosesi əsasən Şamaxı–Pirqulu, Şamaxı–Dəmirçi, Şamaxı–Ciravan və Şamaxı–Çuxuryurd istiqamətlərində aparılır. Bildirilir ki, sözügedən yollar turizm əhəmiyyətlidir və qış fəslinin qarlı-şaxtalı keçməsi nəticəsində yol örtüyündə çökmələr yaranıb. Aşkarlanan problemli sahələr kəsilərək çıxarılır və yeni yol qatı ilə əvəz olunur.
Görülən işlər rayon ərazisində nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkətinin təmin edilməsinə, eləcə də yol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir. Təmir-bərpa tədbirləri ölkə üzrə cari yol işləri çərçivəsində icra olunur.