EN

"İranın strategiyası qalib gəlmək deyil, yüksək xərc yükləməklə çəkindirmədir” -Türkiyəli general

"İranın İsrail və xüsusən ABŞ kimi hava-dəniz üstünlüyünə malik güclərlə birbaşa, klassik müharibədə “bərabər səviyyədə” döyüşmə potensialı məhduddur. Bununla belə, İranın strategiyası qalib gəlməkdən daha çox qarşı tərəfə yüksək xərc yükləyərək çəkindirmə məntiqinə əsaslanır. Bu yanaşma raket və PUA-ların kütləvi tətbiqini, doymuş hava hücumu taktikasını, dənizdə asimmetrik təzyiq üsullarını və regional şəbəkələrdən istifadəni əhatə edir. Bu model İranı “tam yetərli” etməsə də, onu təhlükəli və ciddi risk yaradan rəqibə çevirir".

Bunları Redaktor.az-a İranın İsrail və ABŞ kimi güclərlə mümkün qarşıdurmada potensialını şərh edərkən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi.

Onun sözlərinə görə, İranın güclü tərəfləri əsasən xərc yükləmə qabiliyyəti ilə bağlıdır:

"Bir çox analitik mənbələr İranın Yaxın Şərqdə ən böyük və ən müxtəlif raket ehtiyatlarından birinə sahib olduğunu qeyd edir və bu arsenalın bir hissəsi İsrail ərazisinə çata bilən mənzillərə malikdir. İran eyni vaxtda müxtəlif istiqamətlərdən raket və PUA-larla hücum edərək müdafiə sistemlərini doyurmağı və "interceptor" ehtiyatlarını sürətlə azaltmağı hədəfləyir. Dəniz mühitində, xüsusən Hörmüz boğazı və Ərəb körfəzi istiqamətində sürətli qayıqlar, sahil raketləri, PUA-PUV sistemləri və minalama kimi vasitələrlə ticarət və hərbi logistikaya risk yarada bilir; bu isə ABŞ üçün belə əməliyyat xərclərini artırır. Regiondakı ABŞ bazalarına qarşı risklər də bu çərçivəyə daxildir. 2025-ci il qarşıdurmasından sonra İranın PUA və raket imkanlarını yenidən genişləndirməyə və diversifikasiya etməyə çalışdığı da vurğulanır".

Müsahibimizin fikrincə, İranın zəif tərəfləri klassik müharibədə dayanıqlıq məsələsində özünü göstərir:

"İsrail və xüsusən ABŞ kəşfiyyat-zərbə zəncirində, hava hücumundan müdafiənin susdurulması, uzaqmənzilli dəqiq zərbələr və tankerlərlə uzunmüddətli hava əməliyyatları baxımından struktur üstünlüyə malikdir. İranın konvensional hava gücü və inteqrə edilmiş hava hücumundan müdafiə sistemi bu səviyyəyə bərabər deyil. Analizlər 2025-ci il müharibəsində İranın HHM sistemləri və radarlarının ciddi zəifliklərini, İsrailin “battlefield shaping” yanaşması ilə bu zəifliklərin daha da dərinləşdirildiyini qeyd edir. Uzunmüddətli kampaniya şəraitində resurs və idarəetmə baxımından risklər İran üçün daha yüksəkdir. ABŞ üçün də belə bir müharibə baha və mürəkkəb ola bilər, lakin uzun kampaniyanı davam etdirmək qabiliyyəti İranla müqayisədə daha genişdir".

General əlavə etdi ki, “yetərlilik” anlayışı ssenaridən asılıdır.

"Məhdud qarşıdurma və qarşılıqlı zərbələr şəraitində İran İsrailə və regiondakı ABŞ obyektlərinə real zərər və təzyiq yarada bilər; əsas gücü raket və PUA-ların kütləvi tətbiqi və asimmetrik cavab mexanizmləridir. Genişmiqyaslı və uzunmüddətli ABŞ-İran müharibəsi ssenarisində isə İranın klassik üstünlük qazanma ehtimalı aşağı görünür, lakin o, ABŞ və İsrail üçün yüksək xərc və ciddi risk yaratmaq potensialını saxlayır. Bu səbəbdən İranın yanaşması daha çox çəkindirmə və qarşı tərəfi baha başa gələn nəticələrlə üz-üzə qoyma strategiyasına əsaslanır", - deyə Yücel Karauz yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Chosen
18
1
redaktor.az

2Sources